Ümumdünya Müsəlman Alimlər Şurası rəsmi Pekinin Uyğur muxtariyyətindəki türk əhaliyə təzyiqləri barədə açıqlama yayıb.
Şura bu barədə yaydığı bəyanatda Çin hökuməti ilə Uyğur türkləri arasında hərtərəfli və ədalətli kompromisin təmin olunması üçün vasitəçiliyə hazır olduğunu bildirib.
Bəyanatda həmçinin Uyğur türklərinə istiqamətlənmiş cinayətlərin və özbaşına hərəkətlərin pisləndiyi vurğulanıb.
“Çindəki müsəlman uyğurları hədəfə götürən kütləvi həbs və işgəncələrə məruz qalmasını, dinlərini dəyişdirmək və onlara ateizmin aşılanması təşəbbüslərini, dini və milli kimliklərin dəyişdirilməsi cəhdlərini pisləyirik. Təəssüf ki, mətbuatda, Uyğur türklərinin yavaş-yavaş yox edilməyə çalışılması, uşaq doğmaqlarının qarşısının alınması üçün qadınların qısırlaşdırılması kimi hüquq pozulmalarına şahid oluruq.
Rəsmi Pekindən bu cür hərəkətlərin dayandırılmasını, müsəlmanların leqal və humanitar hüquqlarının təmin edilməsini, ədalətsizliyin aradan qaldırılmasını tələb edirik.
Bunun üçün müsəlman ölkələr, İƏT, BMT və insan hüquqları təşkilatlarına öz öhdəliklərini yerinə yetirməsi üçün müraciət edirik.
Biz bütün tərəflərin mənfəətlərini qoruyan hərtərəfli və ədalətli kompromisin təmin edilməsi üçün dəstək verməyə və rəsmi Pekinin izni olarsa oradakı müsəlmanları və çinli dövlət adamlarını ziyarət etmək məqsədilə nümayəndə heyəti göndərməyə hazırıq.” – deyə bəyanatda bildirilir.