Türkiyənin milli lotoreya idarəsi 18 mart Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar xüsusi lotoreya çakilişi etməyi planlaşdırır.
Ölkədəki bir çox rəsmi qurumlar və QHT-lər lotoreya idarəsinin bu addımına kəskin etiraz edib.
“Diyanet-Sen” həmkarlar ittifaqının sədri Mehmet Əli Güldemir isə, heç kimin bu cür oyunlarla Türkün tarixdəki ən böyük qələbələrindən biri olan Çanaqqala zəfərinin adını kirlətməyə haqqı olmadığını deyib.
“Yüz minlərlə mehmetciyin vətən, bayrağımız, istiqbalımız uğrunda şəhid olduğu bir günü, lotoreya qumarı ilə kirlətməyə heç kimin haqqı yoxdur. Vətən uğrunda şəhid olan bu qədər insanın lotoreya çəkilişində istismar edilməsi səhv bir qərardır.
18 mart Çanaqqala dəniz zəfərinin ildönümündə olması planlaşdırılan bu çəkiliş dərhal dayandırılmalıdır.
Şans oyunları ilə bu vətən uğrunda şəhid olmuş babalarımızın sümüklərini sızıldatmağa heç kimin haqqı yoxdur. Qanuni tənzimləmə ilə qumar çərçivəsindən çıxarılan şans oyunlarının, əslində qumardan heç bir fərqi yoxdur. Çünki bunlar şans üstündə qurulan və insanın zəhmətkeşliyini məhv edən oyunlardır.” – deyə Güldemir etirazını bildirib.