MÜSƏLMAN “İBNÜL-VƏQT” OLMALIDIR

0

İslam ənənəsində təsəvvüf əhlinin ən çox diqqət etdiyi xüsuslardan biri də həyatın hər anını düzgün dəyərləndirmək və onu mənasız işlər üçün sərf etməmək olmuşdur ki, qısaca bu xüsusiyyətləri daşıyan kimsəyə “İbnül-vəqt”, yəni “zamanın oğlu” deyilmişdir.

İslamın bizə öyrətdiyi ən önəmli prinsiplərdən biri də zamanı düzgün qiymətləndirməkdir. Ancaq buna rəğmən insanların ən çox israf etdikləri şeylərdən biri də məhz zamandır. Bir müsəlman Allahın bu dünyada ona bəxş etdiyi zaman (əcəl) müddətini israfçılığa yol vermədən ən lazımi şəkildə istifadə etməlidir. Necə ki, imtahana girən bir kimsə özünə verilən sualları cavablandırmaq üçün imtahan zamanını ən uyğun şəkildə sərf etməyi planlaşdırar.

Uca Allah Qurani-Kərimdə insanların zamanla imtahanını belə təsvir edir: “And olsun axşam çağına (zamana)! Həqiqətən, insan ziyan içindədir”.[1] Bu ayələrdə Allah-Təala bir növ zamana anda içərək onun əhəmiyyətinə diqqət çəkir, eləcə də zamanından layiqli şəkildə istifadə etməyən insanların böyük bir zərərdə olduqlarını xəbər verir. Peyğəmbərimiz (s.ə.s) də zamanın qiymətini belə anlatmışdır: “Bir kimsə doğulduğu gündən vəfat etdiyi günə qədər Allahın rizasını qazanmaq üçün üzü üstə yerlərdə sürünsə (hər cür çətinliklərdən keçsə) də axirət günü etdiyi əməllərinin kifayətsiz olduğunu görər”.[2]

İslam dinində boşa keçiriləcək zaman anlayışı yoxdur. Buna görə də Uca Allah: “Elə isə (dünyəvi işlərini) qurtardığın zaman (Allaha ibadət etmək üçün) qalx!”[3] – buyuraraq hər bir anın dəyərləndirilməsini istəyir.

Bir müsəlman “İbnül-vəqt” olmalıdır. Yəni yaşadığı hər anın qiymətini bilərək onu axirət hazırlığı üçün fürsət bilməlidir. Əks təqdirdə, zamanını israf etmiş olar ki, axirətdə bunun peşmançılığını çəkər. Necə ki, Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində buna işarə etmiş və belə buyurmuşdur: “Beş şey gəlməzdən əvvəl onun qədrini bil: qocalıqdan əvvəl gəncliyin, xəstəlikdən əvvəl sağlamlığın, kasıbçılıqdan əvvəl zənginliyin, məşğul olduğun zamandan əvvəl boş zamanın, ölümdən əvvəl həyatın![4]

Zamanı boş işlərlə keçirib axirəti ehmal edənlərin peşmançılıqları Quranda nə gözəl ifadə edilmişdir: “Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” – deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.[5]

İmam Şafeyə (r.ə) ətf edilən məşhur bir sözü vardır: “Sufilərlə yoldaşlıq etdim və onlardan iki prinsip öyrəndim. 1. Vaxt qılınc kimidir. Sən onu kəsməzsən, o səni kəsər. 2. Nəfsini Haqqa yönəltsən nə gözəl! Yoxsa, o səni batilə yönəldər”.

Nəticə etibarilə, bir möminin dünyada müvəffəq olub axirətdə xoşbəxt ola bilməsi üçün Allahın ona əmanət etdiyi zaman nemətini israf etmədən ən düzgün şəkildə keçirməsi lazımdır. Çünki “Sonra o gün bütün nemətlərdən mütləq sorğu-sual olunacaqsınız”[6] ayəsində də buyurulduğu kimi axirətdə zaman nemətindən də haqq-hesaba çəkiləcəyik.

f.f.d. Ələddin Sultanov

[1] Əsr, 103/1-2.
[2] Əhməd ibn Hənbəl, “Müsnəd”, IV, 185.
[3] İnşirah, 94/7.
[4] Buxari, “Riqaq”, 3.
[5] Fatir, 35/37.
[6] Təkasür, 102/8.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA SÜRÜCÜ 4 İL ƏVVƏL QILDIĞI NAMAZA GÖRƏ İŞDƏN QOVULDU

Fransada hava limanında sürücü işləyən, təhlükəsizlik səbəbindən adı çəkilməyən və şərti olaraq Anis adlandırlan şəxsin qıldığı vaxt namazı, illər sonra...

Bağla