İRƏVAN VƏ ŞUŞA MƏSCİDLƏRİNİ, AZƏRBAYCAN İZLƏRİNİ İTİRMƏK ÜÇÜN TƏMİR EDİRDİLƏR

0

“Azərbaycanda dini məbədlərin qorunmasının, müxtəlif dinlərə məxsus dini abidələrin, ibadətgahların təmir və tikintisi prioritet məsələ kimi dövlətin yürütdüyü din siyasətinin əsas tərkib hissəsindən biridir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dini konfessiyalara ayrı-seçkilik qoyulmadan bütün dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və ya bərpa olunur: “Bu məsələ bu gün tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir”.

S.Heydərov bu gün işğaldan azad olunan ərazilərimizdəki tarixi-dini abidələrimizin bərpası və qorunmasının gündəm məsələlərindən birinə çevrildiyini qeyd edib: “Ermənilər Qarabağ bölgəsində İslam mədəniyyətinə aid olan muzeyləri, məscidləri və abidələri yerlə-yeksan edib, onların bir qismini saxtalaşdırılıb. Erməni vandallığına yalnız İslam abidələri deyil, xristian abidələri də məruz qalıb. Bu faktlara baxmayaraq, bir çox beynəlxalq qurumların, xüsusilə UNESCO-nun Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı susqunluq nümayiş etdirməsi, ermənilərin törətdiyi vandallığa göz yumması bizi təəssüfləndirir. Həmçinin bəzi müsəlman ölkələrinin bu proseslərə biganə və susqun yanaşması, “Part Saman Cahan” şirkətinin (İran) erməni separatçıları ilə razılaşaraq Şuşanın Yuxarı Gövhər Ağa məscidində təmir-bərpa işləri aparması Azərbaycan xalqının mədəni-dini mirasına qarşı yönəldilmiş hərəkətlərin davamı kimi qiymətləndirilir. Erməni vəhşiliyinin və vandallığının, törətdikləri çirkin əməllərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü kompleks tədbirlər görülməsi və sənədli filmlərin hazırlanması vacibdir”.

Dövlət Komitəsi sədrinin digər müavini Gündüz İsmayılov isə bildirib ki, ermənilər ölkənin tarixi-dini abidələrinə qarşı faktiki olaraq soyqırım həyata keçiriblər: “Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib. Birinci istiqamət Türk-İslam abidələrinin hamısının dağıdılmasına yönəldilib. İkinci fəaliyyət istiqaməti Azərbaycanın tarixi irsi olan Alban məbədlərinin qriqoryan kilsəsinə çevrilməsidir. Laçın rayonu ərazisindəki “Ağoğlan”, Kəlbəcərdəki “Gəncəsar” məbədi qriqoryan kilsəsinə çevirilmişdi. Onları qriqoryan kilsəsinə çevirməkdə məqsəd Azərbaycan tarixi irsini öz mədəniyyətlərinin bir hissəsi kimi göstərməkdir. Qriqoryan kilsəsinə çevirə bilmədiklərinin hamısını dağıdıblar. Üçüncü istiqamət isə 2 məscidimizi dağıtmadan saxlayıb, tarixi-dini abidələrimizə hörmətlə yanaşdıqlarını əyani göstərmək üçün istifadə ediblər. Bu məscidlərdən biri İrəvan şəhərindəki “Göy məscid”, digəri isə Şuşadakı “Yuxarı Gövhər ağa” məscididir. Lakin bu iki məscidi İran-Fars mədəniyyətinin nümunəsi kimi təqdim ediblər. Ermənilərin bu iki məscidi təmir etməkdə məqsədi oradakı Azərbaycan izlərini itirməkdir”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜNDƏN TÜRKİYƏ VƏ AZƏRBAYCAN VƏTƏNDAŞLARI VƏSİQƏ İLƏ QARŞILIQLI SƏFƏR EDƏ BİLƏCƏK

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış...

Bağla