Fransa senatında müzakirə edilən və müsəlmanların əleyhində olduğu üçün tənqid edilən “separatizmlə mübarizə” adlı qanun layihəsi fransız senatorun kəskin etirazına səbəb olub.
Yaşıllar Partiyasından olan (EELV) senator Ester Benbassa həmin qanun layihəsi barədə açıqlama verib.
“Mən bilmək istəyirəm ki, müsəlmanlardan nə istəyirsiniz? Hicab problem olmadığı vaxt təsəttürlü çimərlik geyimi problem olur. Çimərlik geyimi problem olmadığı vaxt halal problem olur. Halal problem olmadığ vaxt başqa bir şey tapırsınız.
Müsəlmanların normal həyat yaşamağına izn vermirsiniz. Sizin üçün hər şey tənqid və təcrid mövzusudur. Nə vaxta qədər bu cür hərəkət etməyə davam edəcəksiniz? Biz müsəlmanlardan ayrı yaşamaq istəmirik.” – deyə senator vurğulayıb.
Qeyd edək ki, fevralın 16-da Milli Assambleyada qəbul edilən qanun layihəsi hazırda Senatda müzakirə mərhələsindədir. Senatda keçiriləcək səsvermədən sonra qanun layihəsi Milli Assambleyada növbəti dəfə səsverməyə çıxarılacaq.
Qanun layihəsi müsəlmanları cəmiyyətdən təcrid etdiyi üçün bir çox dəfə tənqid olunub.
Bir müddət əvvəl isə Senatda, məktəb ekskursiyalarında iştirak edən valideynlərin, 18 yaşından kiçik qızların ictimai yerlərdə hicab geyinməsinin və hovuzlarda təsəttürlü çimərlik geyiminin geyinilməsinin yasaqlanması kimi maddələrin də qanun layihəsinə əlavə edilməsinə qərar verilmmişdi.