İçində yaşadığımız zaman əvvəlki zamanlara nisbətən bir çox cəhətinə görə fərqlənir. Bunun başlıca səbəbi texnologiyanın sürətli inkişafıdır. Dördüncü sənaye dövründə yaşayırıq, bəlkə də beşinci sənaye dövrü artıq qapımızı çalır. Texnologiyanın sürətli inkişafı və robotların normal insan haqlarına yaxın rəsmi mahiyyətə sahib olduqlarını düşünsək, “sabahımız necə olacaq?” sualına cavab axtarmaq üçün bir neçə aydınlaşdırıcı fikir və sual işıqlandıraq.
- Robotların ümumi olaraq haqqlarının müəyyənləşdirilməsi, onların öz aralarında, yaxud insanlarla evlilik haqqları və bunun dini hökmü necə olacaq və bunlar necə tənzimlənəcək?
- Robot övladlığı, yəni insanlar robot uşaq alıb ona öz uşağı kimi baxmaqları ilə ailə məfhumuna vurulan zərbə. Getdikcə artan tək cins insan, yəni nə qadın, nə də kişi olmayan insan “məxluqu” anlayışının da ailəyə təsirini düşünməliyik.
- Hər hansı dövlətin vətəndaşı olan robotların cəzalandırılması, yaxud ona vurulan zərərin qarşılanması necə olacaq, hətta robot həbsxanalarının qurulması mümkün mü?
- Süni ətin, süni yumurtanın və başqa süni yeməklərin geniş istifadəsi zamanı insanın da bir növ “süniləşməsi”, Allahın Quranda yeməklər barəsində buyurduğu iki həssas nöqtə “halallıq və təmizlik” məsələsi haradasa ortadan qalxacaq.
- İş və vakansiyalarda insanların sıxışdırılması və texnologiyanın (robotların) tərcih edilməsi fəsadlara yol açacaq.
- Klonlamanın, genomların və buna bənzər qeyri adi məsələlərin dini hökmi ilə yanaşı, onların geniş istifadəsi zamanı çıxan fəsadlara necə tənzimlənəcək
- Təhsilin və təsil ocaqlarının yenidən şəkillənməsi, təlim və tədrisdə tərbiyəyə yeni baxış necə olacaq? Belə ki, məlumatların insan beyninə birbaşa yüklənməsi mümkün olacağı təqdirdə uzun müddətli təhsil ləğv olacaq, buna müqabil tərbiyə və əxlaq vərdişlərinin yeni nəsillərə qazandırılması məsələsində böyük problemlər ortaya çıxacaq.
- Texnologiyalar vasitəsi ilə şəxsi və məxfi həyat demək olar ki qalmayacaq. Hər kəsin şəxsi həyatına müdaxilə mümkün olacaqsa, o zaman insanların ailə həyatı, sirləri müdafiəsiz mi qalacaq?
Yuxarıda yazdıqlarımız gələcəkdəki dünyamızın sadəcə kişik bir hissəsini ifadə edir. Qısaca bir neçə sözlə ifadə etmək lazımsa, belə deyə bilərik ki, şəxsi həyat, tədris, ictimai həyat, ailə həyatı, iş həyatı, həmçinin adət və davranışlarda kəskin fərqliliklər baş verəcək. Biz indidən bu sahədə düşünərək Allahdan dünyamız üçün xeyir və bərəkət verməsini dua etməyimizlə yanaşı, həm çox işləməliyik, həm də çox ibadət edərək bütün bu dəyişikliklərin lehimizə olmasına can atmalıyıq.
Rəşad Manafov