Bəzən öz-özümüzə sual verərək hansı mövqedə olduğumuzu düşünməliyik. Çünki bu gün həm fərd, həm də cəmiyyət olaraq buna ehtiyacımız vardır. Amma ortada çox önəmli bir nüans vardır: Biz nə haqqında özümüzə sual verəcəyik? Nəyi düşünəcəyik? Bu sualları cavablamaq üçün ən önəmli şərt kitab oxumaqdır. Fərqli mövzularda bilgi xəzinəsinə sahib olmaq və fikir yürütmə qabiliyyəti ancaq kitab oxumaqla mümkündür. Bəli, insan səyahət etməklə xəyal dünyasını zənginləşdirə bilər. Lakin kitab oxumadığı üçün bir şeylər əksik qalacaqdır.
Məhz, bu gün, cəmiyyətimizin ən böyük problemlərinin başında “kitabsızlıq” gəlir. Əvvəllər evlərə qonaq gedildiyində uşaqların və ya hər yaşdan insanın qaçaraq gizlincə getdikləri yer o evin şəxsi kitabxanası olardı. Kitablar arasında vaxt keçirmək boş söhbətlərdən və yersiz zarafatlardan daha cəlbedici gələrdi. Lakin zamanla bu ənənə yerini başqa şeylərlə əvəz etdi. Günümüzdə kitab oxumaq üçün insanların əllərində daha çox imkan və vaxt olduğu halda, Adəm övladı bu fürsəti dəyərləndirmir. Əksinə, “zamansızlıq”dan şikayətlənir.
Qədim dövrlərdə insanlar bir kitab əldə etmək üçün yaşadığı yerləri tərk edərək yüzlərlə km uzaqda yerləşən ölkələrə, şəhərlərə gedər və həmin kitaba çatmaq üçün böyük səy göstərərdilər. Eyni şəkildə orta əsrlərdə, hələ mətbəə və çap maşınları kəşf edilmədiyi bir dövrdə, insanlar mürəkkəb və kağız tapmaqda çox çətinlik çəkirdilər. Lakin buna baxmayaraq həmin dövrün alimləri cild-cild qiymətli əsəsrlər yazaraq gələcək nəsillərə, yəni bizlərə miras qoydular. Əngin bilikləri özündə cəmləyən bu kitablar eyni zamanda cəmiyyətimizə yön verən başlıca prioritetlərdir. Bu dediklərimizi daha yaxşı anlamaq üçün bir neçə misal üzərindən mövzuya nəzər yetirək. Karl Marks kimi böyük bir mütəfəkkir sosializm/kommunizm fikirlərini “Das Kapital” adlı əsəri vasitəsilə bəyan etmişdir. Çox keçmədən onun fikri cəmiyyətin hər təbəqəsində yayılaraq böyük bir təsir gücünə sahib oldu. Hətta bu fikirləri mənimsəyən Lenin, Sovet Sosialist Respublikalar İttifaqının əsasını qoydu. Eyni şəkildə bütün insanlığı haqqa dəvət edən Qurani-Kərim nazil olduqdan qısa müddət sonra oxuyucularına geniş xəzinələrin qapılarını açmışdır. Bu xəzinələr növbənövdür. Ancaq elm xəzinəsi bu xəzinələr içərisində xüsusi yerə sahibdir. Qurani-Kərimin fərz qıldığı elm xəzinəsi qısa müddət ərzində milliyyətindən, dilindən, sosial mövqeyindən aslı olmadan bütün insanlar arasında yayılaraq hər kəsi arxasınca aparacaq səviyyəyə yüksəldi. İnsanların Qurani-Kərimdə fərz olan elm ibadətinə (və ya xəzinəsinə) möhkəmcə sarılması nəticəsində, müsəlmanlar XVI əsrin sonralına qədər elmin bayraqdarlığını etmiş, hər sahədə- tibb, kimya, astronomiya, cəbrə və s-də yeni-yeni ixtiralar edərək cəmiyyətin rifahına səbəb olmuşdular. Gördüyümüz kimi, kitabların təsir gücü bizim düşüncəmizin fövqündədir. Bizim “səhifə hesabı” oxuyub keçdiyimiz hər kitab, əslində, xəbərimiz olmadan şüur atımızda yerləşir və zamanı gəldiyində imdadımıza yetişir.
Çox kitab oxumaq “gözlərin nurunu aparan” iş olsa idi, gərək, mərhum alim Fuad Sezginin gözləri kor olardı. Lakin onun əzmli çalışması və kitablar arasında 60 ildən çox vaxt keçirməsi “İslam elm tarixi ensiklopediyası”nı ərsəyə gətirməsinə səbəb olmuşdur. Bu gün çox cildli kitabın yerini dolduracaq kitab hələ də qələmə alınmayıbdır.
Buradan hərəkət edərək “nə qədər kitab oxumalıyıq?” sualına geri döndüyümüzdə, həmin suala belə bir cavab verilə bilər: Özümüzə “mən kiməm?” sualını verdiyimiz zaman cavablanadıra biləcək qədər kitab oxumaq lazımıdır. “Mən kiməm?” sualı bizə kim olduğumuzu açıqlamaqla birlikdə, şəxsiyyətimizi formalaşdıran təməl dəyərləri də bildirir. Bu dəyərlərin əsl halını isə ancaq kitabları oxuyaraq öyrənə və sonrakı mərhələdə tətbiq edə bilərik.
Murad Ağayev