ZAMANDA YOLÇULUQ

0

İşıq sürətinin üzərində bir sürətə sahib olsaq zamanda yolçuluq fiziki olaraq mümkündür. Keçmiş və gələcək davamlı müvcüddur, amma biz ilahi təqdir olaraq təkcə indini yaşayırıq. Zamanda yolçuluq etməkdən məqsəd “sehirli xalat” geyinərək təkcə gələcəyə, yaxud keçmişə getməkdirmi, yoxsa zaman anlayışını fərqli üsullarla aşaraq zamanı lehimizə çevirə bilməkdirmi? Qənaətimcə, ikinci variant daha qənaətbəxşdir. Zamanda edilən yolculuqların bizə faydası olmalıdır, elə məhz “xeyir və fayda prinsipi” ilə zamanda hərəkət etmək gərəklidir. Zamanda yolçuluqdan əsl məqsəd, keçmişi və gələcəyi lehimizə çevirməkdir. Bu məntiqlə çıxış etdiyimiz təqdirdə zamanda yolçuluq etmək Rəbbimizin bizə lütf etdiyi böyük nemətlərdən sayılır. Mövzuya bir neçə çərçivədən baxaraq xırdalıqlarını izah edək.

Birincisi, fiziki olaraq zamanda yolçuluq, yəni bədən və ruhla birgə insanın zamanda yolçuluğu; Həzrət Peyğəmbərin meracı elə bu kateqoriyaya aiddir. Merac gecəsi Peyğəmbərimiz Muhəmməd əleyhissəlam zamanda yolçuluq gerçəkləşdirmiş və qısa vaxt ərzində, bədəni və ruhu ilə birlikdə qiyamətə qədər baş verəcək hər şeyə şahid olmuşdur.

İkincisi, yuxularda zaman yolçuluğu; Yusuf əleyhissəlam yuxusunda ən az yeddi illik zaman yolçuluğu həyata keçirmişdir. Gələcək zamanda olacaq hadisələrə şahid olmuş və gələcək zamanı həm öz lehinə, həm də xalqının faydasına istifadə etmişdir. Muhəmməd aleyhissəlam da röyada zaman yolçuluğu edərək, Bədr döyüşünə və Məkkənin fəthinə şahid olmuştur.

Üçüncüsü, insanın fikir aləmində getdiyi zehni zaman yolçuluğu; Bu tip yolçuluq insanın elm və biliyi sayəsində mümkündür. Bəzi işarə və rəmzlərlə gələcəyi görə bilmə bacarığı zamanda yolçuluq sayılır. Buna fərasət və bəsirət adı verilir. Yəqub əleyhissəlamın öz oğullarının başına gələcəklərini görməsi buna misal təşkil edir.

Dördüncüsü, dualarla və tövbə ilə zamanda yolçuluq; Quranda İbrahim surəsi 40-cı ayədə İbrahim əleyhissəlamın: “Ey Rəbbim məni və zürriyyətimi namaz qılanlardan elə” duası yer alır. İbrahim əleyhissəlam bu duasıyla “gələcəyə yolçuluq edərək” minlərlə, bəlkə də milyonlarla insanın namaz qılmasını Allahın izni ilə təmin etmişdir. Geləcək zamanı lehimizdə, bizə xeyirli olacaq şəkildə dəyişdirmənin ən önəmli yolu səmimi qəlbdən edilən və Allahın qəbul etdiyi dualarımızdır. Keçmişə ən gözəl yolçuluq isə ixlasla edilmiş tövbədir, elə bir töbvə ki, onunla keçmişə gedirik, günah və xətaları lehimizə dəyişdiririk. Tövbə ilə keçmişə yolçuluq zamanı olub-keçənləri ibrət gözü ilə bir daha izləyərək gələcəyimizi düzəltməyə çalışırıq. Dualarla gələcəyə və tövbələrlə də keçmiş zamana yolçuluq etmə imkanı verdiyi üçün Allaha sonsuz şükürlər olsun!

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ YENİ SİLAH VƏ HƏRBİ TEXNİKALARINI NÜMAYİŞ ETDİRİB

Türkiyə müdafiə sənayesinin yeni məhsulu olan "BORAN" haubitsa-topu, "E-ZMA" elektron zirehli döyüş maşını, "MEMATT" mexaniki mina təmizləmə texnikası və MBS...

Bağla