İsrail polisi işğal altında olan Şərqi Qüdsəki Məscidi-Əqsa ərazisində yerləşən “Qiblə” məscidində işa namazı qılan möminlərə hücum edib. “Anadolu” xəbər agentliyi bildirir ki, İsrail polisi hücum vaxtı səs bombalarından və plastik güllələrdən istifadə edib.
Həmçinin Məscidi-Əqsanın yerləşdiyi Köhnə Şəhər bölgəsinin Dəməşq qapısı və Sahirə qapısında da İsrail polisi burada olan fələstinlilərə hücum edib. Həmin qapılarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polislər, Köhnə Şəhərə giriş-çıxışları nəzarət altına alıblar.
Qüds İslami Vəqflər Komitəsi hücum nəticəsində çox sayda müsəlmanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını deyib. Bildirilib ki, Məscidi-Əqsa, Dəməşq qapısı və Cərrah məhəlləsində törədilən hücumlar nəticəsində yaralananların sayı 178 olub.
Xatırladaq ki, bir gün əvvəl bir qrup fanatik yəhudi İftar edən fələstinlilərə hücum edərək onların iftar süfrələrini dağıtmışdı.