ŞƏVVAL ORUCU

0

Allahın fərz buyurduğu Ramazan orucunu tamamladıqdan sonra Şəvval ayından da altı gün oruc tutmaq Rəsulullahın (s.ə.s) sünnəsidir. Allah Rəsulu (s.ə.s) bu barədə belə buyurur:

Kim Ramazan ayının orucunu tutduqdan sonra altı gün Şəvval ayından da oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar“. (Müslim, Siyam, 204). Bu hədisin mətnində keçən “bütün ili oruc tutmuş kimi olar” ifadəsi başqa bir hədisdə belə açıqlanmışdır. Rəsulullah (s.ə.s) belə buyurur: “Kim Ramazan ayından sonra altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar. Kim bir yaxşılıq edərsə, onun üçün on qat savab vardır. (Ənam, 6/160)”. (İbn Macə, Siyam, 33). “Kim Ramazan orucunu tutarsa, bir ayın orucunun savabı on ayın savabı qədərdir. Ramazandan sonra tutulan altı günlük oruc bütün ili oruc tutmağa bərabərdir“. (“Müsnəd”, XXXVII, 94)

Bu hədislərdən belə bir nəticə ortaya çıxır ki, Ramazan ayında tutulan bir aylıq orucun savabı on aya bərabərdir. Şəvval ayından da tutulan altı günlük oruc qalan iki ayın savabına bərabər olmuş olur ki, beləliklə belə bir oruc tutan insan bütün ili oruc tutmuş kimi savab qazanır. Bu hədisi başqa bir şəkildə də yorumlamaq mümkündür. Belə ki, hər bir gözəl əməlin qarşılığı on misli ilə mükafatlandırıldıqda tutulan bir gün orucun mükafatı ən az on günə bərabər olmuş olar. Bu hesabla otuz gün tutulan orucun mükafatı da üç yüz günə bərabər olar. Qəməri təqvimə görə bir il üç yüz əlli beş (355) gündən ibarət olduğu üçün Ramazan ayında tutulan oruc ilə Şəvval ayında tutulan altı günlük orucun mükafatı üç yüz altmış günə bərabər olar. Bu da bütün ili oruclu keçirməyə bərabərdir.

Şəvval ayında altı gün oruc tutmağın bir hikməti də Ramazan ayında oruc tutan insanın etdiyi qüsurlarına görə tutduğu oruca dəyən zərəri ortadan qaldırmaqdır. Çünki insan xətadan və günahdan xali deyildir. Axirət günü fərzlərdə ortaya çıxan nöqsanlıqlar nafilələr ilə tamamlanacaqdır. (Əbu Davud, Salat, 148). Beləliklə, Ramazan ayında oruc tutan bir insanın nəfsinə hakim olmayıb müəyyən xətalara düşməsi nəticəsində tutduğu oruca dəyən zərər nafilə olaraq tutduğu Şəvval orucu vasitəsilə ortadan qalxacaqdır.

Son olaraq onu da qeyd etmək lazımdır ki, Şəvval ayında tutulan altı günlük orucun ard-arda və ya ayın müxtəlif günlərində tutulması mövzusunda heç bir fərq yoxdur. Təbəraninin əsərində Şəvval orucunun ard-arda tutulmasından bəhs edən bir hədis nəql olunsa da həmin hədis tənqid olunduğuna görə qəbul olunmamışdır. (Təbərani, “əl-Möcəmül-övsət”, VII, 315).

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN QÜDS ÜÇÜN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ EDİB

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir...

Bağla