Peyğəmbər aleyhissəlam əfəndimiz bir hədisində: إن من البيان لسحراً , yəni “əlbəttə bəyanda sehir vardır” (Ebu Davud, Edeb 95) buyurur. Rəhman surəsi 4-cü ayədə Rəbbimiz buyurur: o, insana bəyanı öyrətdi. Bəyan elminə sahibi olan insan əslində böyük bir xəzinəyə sahibdir. Beyanın fərqli yolları var, bunlardan birisi də kəlimələrlə insanın özünü və düşüncələrini izah etməsidir. Kəlimələrin hər biri insanın iç aləmində əmələ gələn duyğu, düşüncə və niyyəti başqalarına çatdırmaq üçün istifadə etdiyi vasitədir. İnsan ağzından çıxan hər bir kəlimənin öz forması, şəkli və şəmalı var. Söylənən hər bir söz bir məxluqa çevrilərək insan ağzından çıxır. Bu o deməkdir ki, kəlimələrlə bəyanın təzahürü maddi bir varlıq kimi ortaya çıxır. Qeybət, yalan, iftira, söyüş, təhqir kimi pis sözlər ağızdan çıxarkən iyrənc bir şəkilə bürünərək çıxır. Bu cür sözlər “misal aləmindəki” yırtıcı heyvan, zəhərli əqrəb, əcaib ilan və s. şəklində təzahür edir. Bunun tam əksinə gözəl sözlər, nəsihətlər, ayətlər, dualar isə gözəl görünüşə bürünərək “doğulur”. Hər gün ağzımızı açaraq hiss etmədən minlərlə məxluq “doğuruq”, bəziləri şeytan bəziləri mələk kimi var olmağa davam edir. Tövbə edərək pis məxluqları özümüz məhv edincəyə qədər yaratdığımız iyrənc məxluqlar insanlara və bütün kainata zərər verməyə davam edir. İftira, lənət, qeybət və s. kimi sözləri söyləyərək can verdiyimiz kifir vampirlər ilk öncə öz qanımızı əmir, sonra da başqalarına musallat olur. Bilmədən və hiss etmədən can verdiyimiz ifritələr, divlər və əjdahaları yox etməyin yolu tövbədən keçir. Kibar sözlərlə, tövsiyələrlə, dua və təşəkkürlərlə can verdiyimiz xoş görünüşlü, zərərsiz, hətta faydalı məxluqlar da ətrafımızda yaşamağa davam edir, o vaxta qədər ki kibir, riya, həsəd, paxıllıqla onları öldürməyək.
Hal hazırda ətrafımızda ağızlardan çıxan və bizi əhatə edən minlərlə məxluq var. Təhlükəli vampirlərdən zərər görməmək üçün pis insanlarla müxatəb olmamaq lazımdır və bu cür insanların yanında dayanmamaq labüddür. Onların ağzından çıxan şərli məxluqların hücumuna məruz qalmamaq üçün dua və zikirlərə əhəmiyyət verməliyik. Hər gün dua, zikr və Quran oxuyaraq həm ağzımızla faydalı və yaraşıqlı məxluqlar peyda etməliyik, həm də başqalarının peyda etdiyi zərərli məxluqlardan özümüzü qorumalıyıq.
Texnologiya gündən günə inkişaf edir və düşünürəm ki, bir gün gələcək və ağzımızla “yaratdığımız” məxluqları görə biləcəyik. Necə ki, gördüyümüz yuxularımızı bir gün texnologiya vasitəsi ilə rahatlıqla görə biləcəyik, eləcə də, ağzımızdan çıxan kəlimələrin “kimlər” olduğunu görəcəyik.
Rəşad Manafov