QURANİ-KƏRİMƏ GÖRƏ: SƏBİR

0

 “Səbir” kəlməsinin ərəb dilindəki lüğət mənası “güclü və müqavimətli olmaq” deməkdir. Əxlaqi və İslami bir termin olaraq isə, həyatın hər cür məşəqqətinə, çətinliklərə və müsibətlərə qarşı əzmli dayanmaq, bunların qarşısında Allaha üsyan etmək və s. kimi səhv bir addım atmamaq və mətanətini qorumaq mənasına gəlir.

Səbir etməyən insan səhv işlər görər. Səbir edən insan isə nəfsini səhv addımlar atmaqdan qorumuş olar. Həzrət Peyğəmbər (s.ə.s): “Səbir nurdur”,[1] – buyurur. İnsan səbirsiz hərəkət edərək deyil, səbir edib qəhrəmanlıq pilləsinə qalxar. Necə ki, Peyğəmbərimiz (s.ə.s): “Həqiqi pəhləvan hirsləndiyi zaman öz nəfsinə hakim ola biləndir”,[2] – buyuraraq səbirli olmağın əhəmiyyətinə işarə etmişdir.

İslam dinini təbliğ etdikləri üçün kafirlərin təhqirlərinə və istehzalarına məruz qalan Peyğəmbərimizə (s.ə.s) Uca Allah Qurani-Kərimdə belə buyurmuşdur: “Ona görə də sən gözəl bir şəkildə səbir et!”[3] Digər tərəfdən Allah-Təala möminlərə də səbir etməyi tövsiyə etmiş və: “Ey iman gətirənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız![4] – buyurmuşdur. Deməli, müvəffəqiyyətli olmağın bir şərti də səbirli olmaqdır. Bu yolda həm çalışacağıq, həm səbirli olacağıq, həm də bunun üçün Allaha dua edəcəyik. Çünki Allah-Təala: “Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir”,[5] – buyuraraq bizlərə uğura gedən yolu göstərir.

Bir mömin üçün Allahla bərabər olmaqdan daha böyük bir məziyyət düşünülə bilməz. Yəni Allahın rizasını qazanmaq məqsədilə saleh əməllər işləmək üçün də səbirli olmaq lazımdır. Digər tərəfdən çətinliklərə, məşəqqətlərə və düşmənə qarşı qalib gəlmək üçündə səbirli olmaq əsas faktordur. Çünki Allah-Təala buyurur: “Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir![6] Qələbə üçün səbirli olmağın çox önəmli olduğunu xəbər verən digər bir ayədə isə əvvəlki ümmətlərdən bəhs olunarkən: “Neçə-neçə peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (kafirlərə) boyun əymədilər. Allah səbir edənləri sevər”,[7] bu buyurularaq səbirin əhəmiyyəti və bunun nəticəsində Allahın sevgisinə nail oluna biləcəyi vurğulanır.

Digər tərəfdən Allah insanları sınamaq üçün bu dünyaya göndərmişdir. Xəstəliyə düçar olmağımız, yaxınlarımızdan birinin vəfat etməsi və ya mal-mülkümüzün əldən getməsi ilə imtahan oluna bilərik. Bu sınağı uğurla keçməyin yolu da məhz səbirdən keçir. Belə ki, Rəbbimiz buyurur: “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver![8] Bu imtahan qarşısında səbirli olanlar isə belə tövsif olunmuşlar: “Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər”.[9]

Nəticə etibarilə, həm dünya, həm də axirət səadətinin açarı səbirli olmaqdır. Əgər çətinliklər qarşısında acizlik göstərməyib mətanətli dayansaq, Allahın iradəsi daxilində hər cür müvəffəqiyyəti əldə etmək mümkündür.

f.f.d Ələddin Sultanov

[1] Müslim, “Təharət”, 1.
[2] Müslim, “Birr”, 106.
[3] Məaric, 70/5.
[4] Ali-İmran, 3/200.
[5] Bəqərə, 2/153.
[6] Bəqərə, 2/249.
[7] Ali-İmran, 3/146.
[8] Bəqərə, 2/155.
[9] Bəqərə, 2/156.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN İLİN İLK AY TUTULMASI HADİSƏSİ BAŞ VERƏCƏK

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də...

Bağla