“Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini durumla bağlı vəziyyət də sabitdir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr bildirib ki, bu, dövlətin müəyyən etdiyi dövlət-din modelinin uğurla həyata keçirilməsi, ölkə prezidentinin müəyyən etdiyi siyasi xəttin Dövlət Komitəsi, digər müvafiq dövlət, hökumət qurumları tərəfindən ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir: “Azərbaycan Qafqazın lider dövlətidir. Lakin ölkəmiz dünyada baş verən hadisələrdən heç də kənarda qalmır. Yəni həm ictimai-siyasi sabitlik, həm də insanların hüquq və azadlıqlarının təmin edilməsi baxımından regionun öndə gedən bir ölkəsi olaraq bizimlə həmsərhəd olan, o cümlədən, bir hissəsi olduğumuz İslam coğrafiyasında baş verən istənilən hadisə biləvasitə bizə də öz təsirini göstərir”.
“Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də təhlükəsiz, o cümlədən din sahəsində həyata keçirilən siyasətin nəticələrinə görə sabit ölkədir və bizim üçün bu təhdidlər ümummilli və ümumdövlət maraqlarımız baxımından böyük təhlükə törədən təhdidlər deyil. Yəni vaxtında hüquq-mühafizə orqanları, ideoloji iş aparan qurumların xətti ilə, eləcə də dövlətin apardığı siyasət nəticəsində bu təhdidləri minimuma endirilib” – deyə M.Qurbanlı əlavə edib.