İnsanlar anadangəlmə xoşbəxtdirlər, yəni insanın xoşbəxt olmağa yox, xoşbəxt qalmağa ehtiyacı var. Xoşbəxt olmağın yollarını deyil, xoşbəxt qalmağın yollarını axtarmağımız lazımdır. İnsanın fitrətində xoşbəxtlik kodları var. Bu kodları doğru istifadə edənlər xoşbəxt qala bilərlər, pozanlar isə xoşbəxtlik rayından uzaqlaşırlar. Bəxtəvərlik və səadət insandan ayrılmaq istəməsə də, insan onu bəzi səbəblərə görə özündən uzaqlaşdırır. Başqa bir sözlə insanlar bəxtəvərliyi “küstürürlər”. Gəlin indi iki məsələni aydınlaşdıraq. Birincisi, xoşbəxtlik, bəxtəvərlik, yaxud səadət nədir? İkincisi isə xoşbəxtlik necə qorunur?
Əsl səadət əbədi dünya səadətidir. Həm bu dünyada, həm də axirət yurduna qədəm qoyduğumuzda xoşbəxt olub olmamağımız üzə çıxacaq. Lakin bu dünyada ikən əbədi dünya səadətinin bəzi əlamətlərini hiss etmək və yolçuluğun nəticəsini müəyyənləşdirmək mümkündür. Xoşbəxtliyin qorunması üçün beş mühim ünsür haqqında danışaq.
İman; Doğru iman və güclü əqidə xoşbəxtliyin əsasıdır. Rəbbimizin Quranda bildirdiyi və Muhamməd aleyhissəlam əfəndimizin bizə öyrətdiyi iman əsaslarına bağlanmaq lazımdır. İmansız səadət susuz dənizə bənzəyir.
Şükür; Allaha şükür edə bilməyən insanlar xoşbəxtliyi asan itirərlər. Allaha iman edən və ona şükür edən insanlara Allah əzab etməz (Nisa 147). Dünyadakı ən böyük əzab Allahdan uzaq qalmağın insana verdiyi qəlb sıxıntısı, məyusluq, tənhalıq, kədər və qəmginlik kimi hisslərdir.
Səbir; “Allah səbir edənlərlədir” buyuran Rəbbimiz (Bəqərə 153) səbrin insanı Allaha yaxınlaşdırdığını bildirir. Allaha yaxın olanlar isə xoşbəxt qalmağı bacaran insanlardır.
Təvəkkül; Xoşbəxt qalmağın başqa bir sirri də Allaha qarşı dərin bir təvəkküldür. Təvəkkül əhli insanlar məyus olmazlar, çünki onlar lazımınca hərəkət etdikdən sonra (məsuliyyətli olduqdan sonra) onları qoruyan və hər cür işlərində onlara kömək edən Rəbblərinə təvəkkül edirlər. (Zümər 38)
İbrət almaq; Tarixdən, insanlardan, hadisələrdən ibrət alan insanlar az xətakar olurlar. Həyatdan dərs alanların səhvləri az olduğuna görə peşmançılıq çəkmirlər. Quranda Rəbbimiz bizdən keçmiş xalqların başına gələnlərdən, təbiət hadislərindən, kainatın nizam və intizamından ibrət almağımızı istəmişdir. (Yusuf 13, Nəhl 66, Nur 44)
Sözün qısası, xoşbəx qalmağın ən təməl beş ünsürünü yerinə yetirən insanlar səadət yolunda irəliləyən insanlardır. Son nəfəsdə şəhadət kəliməsini səmimi qəlbdən söyləyərək bu dünyadan ayrılan isanlar əbədi bəxtəvərliyə nail olurlar. Xoşbəxtlik bir ağac olsa, kökü iman, gövdəsi şükür, budaqları səbir, yarpaqları təvəkkül və meyvəsi ibrat almaqdır.
Rəşad Manafov