Qurani-Kərim insanların Allaha ibadət üçün yer üzündə inşa etdikləri ilk məscidin Kəbə olduğunu xəbər verir (Ali-İmran 3/96). Rəvayətə görə Kəbənin ilk banisi Həzrət Adəm (ə.s) olmuşdur. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində yer üzündə tikilən ilk məscidin Məscidi-Haram, ikincisinin isə Məscidi-Əqsa olduğunu xəbər verir (Müslim, Məsacid, 1). Həzrət İbrahim (ə.s) Kəbəni, Həzrət Süleyman (ə.s) da Məscidi-Əqsanı qədim bünövrələri üzərində inşa etmişdir. Qurani-Kərimdə Əshabi-Kəhfin olduqları yerdə də məscid inşa edildiyi barədə məlumat var. Həmçinin əhli-kitabdan olan xristiyanlar və yəhudilər alimlərinin, kahinlərinin və rahiblərinin qəbirlərinin üzərində ibadət yerləri tikər və orada ibadət edərdilər. Həbəşistana hicrət edən müsəlmanlar orada rəsimlərlə bəzədilmiş ibadət mərkəzlərini görüb bunu Rəsulullaha (s.ə.s) xəbər verdikdə, Həzrət Peyğəmbər (s.ə.s); “Onlar öz aralarında olan yaxşı insanlar vəfat etdikdə qəbirlərinin üstündə məscid bina edir və onları rəsimlərlə bəzəyirlər. Bu əməllərinə görə onlar Qiyamət günü Allah yanında yaradılmışların ən pisləridirlər”, -buyurmuşdur (Buxari, Salat, 54).
“Məscid” sözünün lüğət mənası “səcdə edilən yer” deməkdir. Tarixi insanlığın tarixi ilə başlayan məscidlər Allaha ibadət üçün tikilən ibadətxanalardır. Allaha qulluğu ən doğru və əsaslı şəkildə insanlara təlqin edən İslam dinində məscidlərin xüsusi dəyəri və əhəmiyyəti vardır. İslam dini ortaya çıxdıqdan sonra Rəsulullahın (s.ə.s) bütün təhlükələrə baxmayaraq Kəbədə namaz qılmağa cəhd etməsi, Məkkədə İslamı ilk qəbul edənlərin Darul-Ərqamı (və ya Ərqamın evini) məscid halına gətirmələri, Rəsulullahın (s.ə.s) Mədinəyə hicrət etdikdən sonra hər şeydən əvvəl məscid tikintisinə başlaması bu dediklərimizin əyani və tarixi sübutudur. Məkkədən Mədinəyə hicrət edən Rəsulullah (s.ə.s) Mədinə yaxınlığındakı Quba kəndində bir müddət qonaq qalmış və orada İslam tarixinin ilk məscidini inşa etdirmişdir.
Dinimizdə bütün yer üzü məscid qəbul edilsə də namazların məscidlərdə camaatla qılınmasının istər savab, istər psixloji, istərsə də ictimai-sosial baxımdan çox böyük əhəmiyyəti vardır. Çünki məscidlər insan-Allah, insan-insan, insan-kainat münasibətlərini tənzimləyən və adəmoğlunun öz daxili aləmi ilə bütünləşməsini təmin edən müəssisələrdir. Məscidin ən ümdə funksiyası olan insan-Allah münasibətlərini tənzimləməsi insanı Allaha yaxınlaşdıran və Allahla insan arasındakı münasibətləri daima canlı tutaraq, Allahın qulları ilə qarşılaşdığı məkandır. Odur ki, məscidlər simvolik olaraq Allah evi mənasına gələn “beytullah” ifadəsi ilə adlandırılmışdır. Yer üzündə ilk inşa edilən Allah evi Kəbə olduğu üçün qalan bütün məscidlər Kəbənin şöbələri nisbətindədir. Məscidlərin ikinci əsas funksiyası ictimai birlik qurumları olmasıdır. Bu mənada məscidlərə “cami”, yəni, toplayan, cəmləyən, bir araya gətirən adı verilmişdir. Çünki məscidlər İslam binasının divar daşları olan ümməti bir-birinə bağlayaraq onların duyğu, düşüncə və fikirlərini birləşdirərək ümmətin ortaq ürəyi, nəbzi rolunu oynayır. Məscidin üçüncü funksiyası insanın yetişməsi, özünü tanıması, onun İslami təlim və tərbiyə olmasına xidmət etməsidir. Odur ki, hər cümə namazı, məscidə yığılan insanlar üçün bir dərs, məscid isə bir məktəb olmalıdır. Rəsulullah (s.ə.s) Mədinə məscidində keçirilən dərslərə “məcalisul-elm” adını vermişdir. Bu dərslərdə səhabələr Rəsulullahın (s.ə.s) ətrafında iç-içə dairə şəklində oturduqları üçün bu məclislərə elm halqaları adı verilmişdir. İslam tarixinin ən görkəmli elm adamları olan Həzrət Əli, Əbu Hüreyrə, İbn Abbas, İmam Malik və bir çoxları bu məclislərin insanlığa verdiyi töhfələrdir.
f.f.d Səfa Muradov