İnsana sonsuz sayıda nemət verən, onu dəyərli hala gətirən və Rəbbimizin Quranda insanın dəyəri haqda bəhs etdiyi bir neçə xüsusa nəzər salaq.
İnsan olaraq yaratılmaq (Rəhman 3); Allahın insanı yaratması, həm də bir insan olaraq yaratması ona verdiyi ilk dəyərdir. Allah bizi insan deyil, bir heyvan olaraq da yarata bilərdi, amma bu dünyada biz insan kimi həyat sürürük. İnsan kimi doğulmaq şərəfdir, əsl insan kimi yaşamaq isə ən üstün dəyərlərdən sayılır.
Hər şey insan üçün yaratılmışdır (Bəqərə 29); Rəbbimiz Quranda bir çox ayədə bildirir ki, yer üzərində yaratılan hər şey insan üçündür. Məqsədinə müvafiq istifadə edilməsi üçün hər şeyi insanın əmrinə, onun faydalanması üçün verən Allaha hər vaxt şükür etməliyik.
İnsana verilən sonsuz nemətlər (Loğman 20); Allahın insana verdiyi nemətləri saymaqla qurtarmaq olmaz. Gizli və açıq, az və ya çox sayısız nəmətlə insanı təchiz edən Allaha səcdə və həmd etmək insanın ilk, qaçılmaz vəzifəsi olmalıdır. Daxilimizdəki orqanlardan başlayaraq, ta kosmosdakı ulduzların işığına qədər hər cür neməti insana bəxş edən Rəbbimizin bizə biçdiyi dəyəri başa düşməyimiz üçün Allaha ilk öncə səmimiyyətlə səcdə etməyi bacarmaq lazımdır. Həqiqi səcdələrin gətirdiyi rahatlıq, könül aydınlığı və zirəkliklə insan özünə verilən nemətləri dərk edə bilər.
İnsan ən gözəl tərzdə yaratılmışdır (Tin 4); Allah insanı təkcə insan olaraq yaratmamışdır, həm də ən gözəl tərzdə yaratmışdır. İnsan bədən, zehin, ruh ahəngində, fitrət içində, yer üzərində Allahın xəlifəsi kimi, sayısız istedat və bacarıq sahibi olaraq yaratılmışdır. İnsan cansızlardan, bitkilərdən, heyvanlardan, hətta cinlərdən daha üstün və mükəmməl tərzdə yaratılmışdır. Kainatı dərk etmək, kainatı kəşf etmək və qorumaq kimi ülvi məqsədləri daşıyan qabiliyyət vermişdir insana Rəbbimiz. Ən əhəmiyyətlisi isə Allahı tanıyaraq ona həqiqi qul ola bilmə qabiliyyəti verilmişdir insana.
Yuxarıda sadalanan dəyərlərin hər birisi üzərində dərindən düşünmək lazımdır. Allah insanı özünə (Allaha) şahid olaraq yaratmışdır. Allaha şəhadətimiz tam olarsa, ixlasla Allahın birliyini, gücünü, sonsuz qüdrətini, hər şeyə qadir olduğunu dərk edərsək, elə bu bir dəyər olaraq insana kifayətdir.
Rəşad Manafov