Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşən və təməli Həzrət İbrahim (ə.s) və Həzrət İsmail (ə.s) tərəfindən qoyulan Kəbə (Beytullah) Allah üçün həcc edənlərin ziyarətgahıdır. Hər il dünyanın dörd bir tərəfindən imkanı olan müsəlmanlar Allah-Təalanın: “Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur…”[1] – əmrini yerinə yetirmək məqsədilə müqəddəs torpaqlara üz tutar və Kəbəni ziyarət edib həcc ibadətini əda edərlər. Lakin tarix boyu vaxt-vaxt baş verən bədbəxt hadisələr səbəbi ilə bu ibadətin ədası təxirə salınmış və həcc ziyarətinə icazə verilməmişdir. Bunun son nümunəsini də koronavirus pandemiyası səbəbi ilə keçən il və bu il qoyulan həcc qadağasında müşahidə edirik. İndi isə tarix boyu qoyulan həcc qadağalarının xronoloji xülasəsinə nəzər salaq:
- 568-570-ci illərdə Yəmənli sərkərdə Əbrəhə Kəbəni yıxmaq üçün Məkkəyə hücum etmiş və bu səbəbdən Kəbə və ətrafındakı yaşayış yerləri boşaldılmışdı.
- 865-ci ildə Abbasi xəlifəsinə qarşı düşmənçiliyi olan Safiq ləqəbli İsmail ibn Yusif Ərəfat dağında hacıları qətl etmişdi. Bu qətliama görə həmin il həcc ibadəti əda edilməmişdi.
- 930-cu ildə Fatimilər (Misir) xilafətindən ayrılanQərmatilər Məkkəyə hücum etmiş və minlərlə hacını qətl etmişdi. Eyni zamanda Qərmətilər Məscidi-haramı talan etmiş və Həcərül-əsvədi özləri ilə Bəhreynə aparmışdılar. Bu hadisəyə görə Həcərül-əsvəd təkrar öz yerinə qaytarılana qədər 10 il müddətində həcc ibadəti təxirə salınmışdı.
- 983-cü ildə Abbasi xəlifəliyi ilə Fatimi xəlifəliyi arasındakı siyasi münaqişəyə görə 8 il müddətində həcc ibadətinin ədasına maneçilik törədilmişdir.
- 1814-cü ildə Hicaz bölgəsində vəba xəstəliyi yayıldığı üçün həmin il həcc ibadəti təxirə salınmışdır.
- 1831-ci ildə Hindistanda ortaya çıxan Kalera pandemiyasının nəticəsində hacıların 70 faizi həyatını itirmişdi və bu səbəbdən həftələrcə həcc səyahətlərinə məhdudiyyətlər qoyulmuşdu.
- 1837-1858-cillər ərzində ümumilikdə 21 il həcc ziyarətləri pandemiya səbəbi ilə təxirə salınmışdır.
- 1979-cu il 20 Noyabr tarixində “Yeni ixvan” adlı bir təşkilatın rəhbəri olan Cüheyman əl-Üteybi və tərəfdarları Kəbəyə hücum etmiş və Səudiyyə Ərəbistan hökuməti qarşısında bir sıra tələblər qoymuşdular. Buna görə iki həftə Kəbə bağlı qalmışdı. Nəticədə, bu basqının qarşısı alınmış və həmin təşkilatın 117 üzvü, 127 Səudiyyə Ərəbistan əsgəri və 26 mülki şəxs həyatını itirmişdi.
f.f.d Ələddin Sultanov
[1] Ali-İmran, 3/97.