FƏLƏQ SURƏSİNİN TƏFSİRİ

0

Fələq surəsi Qurani-Kərimin 113-cü surəsidir. Bu surə adını ilk ayədə keçən “fələq” kəlməsindən alır. Təfsir qaynaqlarında Fələq surəsi Nas surəsi ilə birlikdə “müavizzəteyn”, İxlas surəsi ilə birlikdə isə “müavvizat” adlanır (Işık, 1995: 12/301).

            İslam qaynaqlarına görə Fələq və Nas surələri birlikdə nazil olmuşdur. Bu mövzuda İslam alimləri arasında ittifaq vardır. Lakin mövzu ilə bağlı qədimdən bəri davam edən ixtilaf hər iki surənin “Məkki” (Məkkədə nazil olan surələrə Məkki surələr deyilir) yoxsa “Mədəni” (Mədinədə nazil olan surələrə Mədəni surələr deyilir) olduğu yönündədir. Həsən əl-Bəsri, Əta, İkrimə və Cabir ibn Zeydə görə Fələq və Nas surələri Məkki surələrdəndir. Buna qarşılıq Abdullah ibn Zübeyr və Qətadə kimi alimlər hər iki surənin Mədəni olduğu müdafiə etmişdir. Surələrin Mədəni olduğunu müdafiə edənlər Mədinə dövründə Yəhudi bir qadın tərəfindən Həzrət Peyğəmbərə (s) sehr edildiyini nəql edən hədisi dəlil olaraq göstərirlər. Həmin hədisə görə sehrin aradan qaldırılması üçün Fələq və Nas surələri nazil olmuşdur (Süyuti, 1968: 8/687-688). Alusi bu hədisə istinad edərək surələrin (Fələq və Nas) Məkkə dövründə nazil olduğunu müdafiə edənlərin dəlillərinin əsassız olduğunu bildirir (Alusi, 1960: 20/278-279). Bu deyilənlərə əlavə olaraq tərkib və mövtəvası baxımından Fələq və Nas surələri təhlil etdikdə Məkkə dövrünün dil və üslub xüsusiyyətlərini özündə cəmləşdirdiyini görərik. Həmçinin Həzrət Peyğəmbər (s) haqqında müşriklər tərəfindən “sehrlənmişdir, sehirə məruz qalmışdır” kimi söylənən ifadələr Məkkə dövründə nazil olan surələrdə yer alır.

            Surənin hər ayəsi əvvəlki surələrdə olduğu kimi bir-birini açıqlayır və mənalarını izah edir. Əvvəlcə, bunu qeyd edək ki, istər Fələq surəsində, istərsə də Nas surəsində hansı problemlərdən dolayı insanın Allaha pənah gətirdiyi bildirilir. Surələrdə keçən həmin nüansları sistemli olaraq aşağıdakı kimi qruplaşdıra bilərik;

  1. Ayələrdə, əvvəlcə, təbiət qüvvələrindən,
  2. İkinci olaraq şər insanlardan,
  3. Üçüncü olaraq isə görülməyən varlıqlardan (cin, şeytan və s.) Allaha pənah gətirilir.

Fələq və Nas surələri eyni zamanda müsəlmanlara şər və bəladan sığınmağın sadəcə sözlə deyil, bu şər və bəlalara qarşı əvvəlcədən alınacaq tədbirlər vasitəsilə gerçəkləşəcəyini bəyan edir.

      Qaynaqlarda surənin fəzilətindən bəhs edən çox sayıda hədis vardır. Bunlardan ən məşhuru Həzrət Aişədən (r.a.) rəvayət edilən hədisdir. Həmin hədisə görə Həzrət Peyğəmbər (s) narahat haldaykən və ya gecə yatmazdan əvvəl İxlas, Fələq və Nas surələrini oxuyaraq ovuclarının içinə üfləyər, daha sonra ovuclarını bütün bədəninə sürtərdi (Buxari, “Fəzailul-Quran”, 14; Əbu Davud, “Ədəb”, 98; Tirmizi, “Də’əvat”, 21).

      Fələq surəsi kəmiyyət baxımından kiçik, lakin ehtiva etdiyi mənaları baxımından geniş surədir. Surədə yer alan ifadələrdə yola çıxaraq xülasə olaraq bunları qeyd edə bilərik: Qurani-Kərimin üslubu o qədər ecazkardır ki, az sayıda ayəsi olan və ya kəmiyyətcə kiçik olan surələr, əslində, geniş mənalar ehtiva edirlər. Belə ki, Fələq surəsi də bu qəbildəndir. Allah Fələq surəsi vasitəsilə Özündən başqa heç kəsin insanlara kömək edə bilməyəcəyini açıqca bəyan edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT GƏNCƏDƏ ERMƏNİSTANIN RAKET HÜCUMLARININ SƏBƏB OLDUĞU CİNAYƏT SƏHNƏLƏRİ İLƏ TANIŞ OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı...

Bağla