İSLAMDA MƏCBURİYYƏT YOXDUR

0

İslam dinində əqidə azadlığı vardır. İslam dini heç kimə məcburi şəkildə qəbul etdirilə bilməz. Çünki son ilahi din olan İslam dini digər din və etiqadlara qarşı tolerantlıq dəyərlərini özündə ehtiva edir. Gərək Quran ayələrində, gərəksə də Peyğəmbərimizin (s.ə.s) hədisi-şəriflərində bunun dəlillərini görmək mümkündür. Allah-Təala İslamın ilk təbliğ illərində Peyğəmbərimizin (s.ə.s) Məkkəli müşriklərə:Sizin dininiz sizə, mənim dinim də mənə! (Kafirun, 109/6) şəklində cavab verməsini əmr etmiş və beləcə, İslamdakı tolerantlığın ilk toxumu əkilmişdir. Daha sonra Mədinədə İslam dini tam formalaşdıqdan və möhkəmləndikdən sonra da bununla bağlı son nöqtə qoyulmuş və Uca Allah: Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bəqərə, 2/256) – buyurmuşdur.

Təfsir kitablarında bu ayənin nazil olma səbəbi olaraq qeyd olunur ki, cahiliyyə dövründə Mədinədəki bəzi qadınlar uşaqlarının uzunömürlü olmasını istəyərək əhd edirdilər ki: “Əgər uşağım olsa, onu yahudi edəcəyəm”. Ənsardan olan müsəlmanların bir qisminin uşaqları da bu şəkildə yəhudiləşmişdi. Müsəlmanlara xəyanət edən yəhudi tayfası Nadir oğulları Mədinədən sürgün edilərkən həmin uşaqların valideynləri Həzrət Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Ey Allahın Rəsulu! Yəhudiləri sürgün edirsən, ancaq bizim uşaqlarımız və qardaşlarımız onların arasındadır. Onlar necə olacaq?” – dedilər. Peyğəmbərimiz susdu və bu ayə nazil oldu. Sonra onlara dönərək: “Əgər uşaqlarınız sizi seçərsə, sizdəndirlər, yəhudiləri seçərlərsə, o zaman onlardandırlar”, – deyə buyurdu və beləcə yəhudilərlə qalmağı seçən ənsar uşaqları da sürgün edildi.

Uca Rəbbimiz hər bir insana ağıl və iradə vermişdir. Peyğəmbərlər göndərməklə və kitablar nazil etmək surətilə haqqı batildən, imanı küfrdən, hidayəti zəlalətdən ayırmış, bunların hər birini açıqlamış və insanlara bildirmişdir. Kim istəsə iman edər, kim də inkar edər. Əgər Allah-Təala insanları imana və ibadətə məcbur etsəydi, onda yer üzündəki hər kəs iman gətirər və ibadət edərdi. Uca Allah dünya imtahanının bir nəticəsi olaraq göndərdiyi dini qəbul etməyi insanların ixtiyarına vermişdir. Peyğəmbərlərin vəzifəsi isə dini qəbul etmələri üçün insanları məcbur etmək deyil, onlara öyüd-nəsihət verərək haqq dini təbliğ etməkdir.

Allah-Təala hər bir insana cüzi-iradə və haqqı batildən ayıra biləcək ağıl vermişdir. Bunu dəstəkləmək mahiyyətində də peyğəmbərlər və kitablar göndərmişdir. Buna görə də hər bir insan iman mövzusunda azaddır. Dini qəbul etmələri üçün insanları məcbur etmək kimi bir hal qəbuledilməzdir. Çünki dinin əsası olan iman qəlb ilə təsdiq edib inanmaqdır. İmanda olduğu məcburən edilən ibadətin də Allahın nəzərində bir dəyəri yoxdur. Peyğəmbərimizin (s.ə.s.) “Əməllər niyyətə görə qiymətləndirilər” (Buxari, İman, 39) hədisi də məhz bu həqiqətə işarə edir.

f.f.d Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOKİO PARALİMPİYA OYUNLARINDA YÜKSƏK NƏTİCƏ QAZANAN İDMANÇILARIMIZA PUL MÜKAFATI VERİLƏCƏK – SƏRƏNCAM

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları...

Bağla