Bir müsəlmanın qohum-əqrabaları ilə əlaqələrini kəsməməsi və onlara maddi-mənəvi dəstəyini əsirgəməməsi İslam dinində çox əhəmiyyətlidir ki, buna qısaca “Sileyi-rəhm” deyilir. Belə ki, Uca Allah kitabında qohumların bir-birinə qarşı olan vəzifələrindən xəbər vermiş və onları bir-birinin mirasçısı elan etmişdir. Qohumluq əlaqələrinin yaxşı olması insanı maddi və mənəvi pisliklərdən qoruyar, həm də müxtəlif cür saleh əməllərin yerinə yetirilməsinə yardımçı olar. Allah-Təalanın insanlar üçün göndərdiyi peyğəmbərlər də öz dəvətlərinə ailə və qohumlarından başlamış və Allahın göndərdiyi haqq dini onların dəstəyi ilə təbliğ etmişlər. İslam dini ailədə mühafizə edilər və qohum-əqrabalardan başlayaraq yayılmağa başlayar. Eləcə də ailə və qohumluq əlaqələri güclü olan insanlar nəfslərinə və şeytanın vəsvəsələrinə qarşı özlərini daha asan qoruya bilərlər.
Qohumlarla sosial əlaqələrini kəsən kimsələr Qurani-Kərimdə şiddətlə qınanırlar. Belə ki, Uca Allah: “Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin!” (Nisa, 4/1) – buyuraraq insanları Allaha qarşı gəlməkdən çəkindirməklə yanaşı qohumluq əlaqələrini kəsməkdən də çəkindirmişdir. Bu ayəni əsas alan bir qisim təfsirçilər qohumluq əlaqələrini kəsməyin haram olduğunu bildirmişlər. Başqa bir ayədə də: “Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır”, (Rad, 13/25) – buyurularaq cəhənnəmə aparan əməllərin arasında qohumluq əlaqələrini kəsmək də sadalanmışdır.
Digər tərəfdən qohumlarla isti münasibət saxlayanlar Quranda: “Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər (qohumluq əlaqələrinə və ictimai vəzifələrə riayət edər), Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar”, (Rad, 13/21) – buyurularaq təriflənmişlər. Peyğəmbərimiz də: “Ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyən kimsə qohum-əqrabalarına göz-qulaq olsun”, (Buxari, “Ədəb”, 12) – buyuraraq bu əlaqələrin insanın dünya və axirət səadətində mühüm rol oynadığını xəbər vermişdir. Digər bir hədisi-şərifdə də: “Allaha və axirət gününə iman gətirən kimsə qohumlarına yaxşılıq etsin!” (Müslim, “İman”, 74) – buyurularaq bunun möminə xas bir xüsusiyyət olduğu vurğulanmışdır. Səhabələrdən biri Allah Rəsuluna (s.ə.s): “Məni cənnətə aparacaq bir əməl söyləyə bilərsinizmi?” – deyə sual verdikdə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdu: “Allaha itaət edib Ona heç bir şərik qoşmayacaqsan, namazını qılacaqsan, zəkatını verəcəksən və qohumlarına himayədarlıq edəcəksən!” (Buxari, “Zəkat”, 1)
Qohumlarımızdan bəziləri bizimlə əlaqələrini kəssələr də, biz onlarla əlaqələrimizi kəsməməyə cəhd etməliyik. Çünki bir hədisində Peyğəmbərimiz (s.ə.s): “Qohumlarını himayə edən şəxs, onlar özü ilə əlaqələrini kəssələr belə, onlara yaxşılıq etməyə davam edəndir”, (Buxari, “Ədəb”, 15) – buyuraraq bu kimi hallarda nə edəcəyimizi xəbər vermişdir. Bu məsələ o qədər mühümdür ki, qohumlarımız müsəlman olmasalar belə, onlarla aramızda müəyyən əlaqələrimiz olmalıdır. Necə ki, bir ayeyi-kərimədə “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan!” (Loğman, 31/15) – buyurularaq müsəlman olmayan ata-anaya belə yaxşılıq edilməsi və dünyada onlarla gözəl rəftar edilməsi əmr olunur.
f.f.d Ələddin Sultanov