Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım günlərində İkinci Fəxri Xiyabanı ziyarət ediblər.
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, silahli qüvvələrimizin zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə Qurani-Kərim tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman döyüşçülərimiz rəhmət duaları ilə anılıblar.
Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov və b. iştirak ediblər.