AZƏRBAYCANIN DİNİ KONFESSİYA RƏHBƏRLƏRİ BƏYANAT YAYIB

0

Azərbaycanda dini konfessiya rəhbərləri birgə bəyanat yayıb. İslamveirfan.com Qafqaz Müsəlmanları İdarəsinin mətbuat mərkəzinə istinadən xəbər verir ki, bəyanatda bildirilir:

Uca Yaradanın Adı ilə!

Azərbaycan xalqının tarixinə əbədi həkk olunan 27 sentyabr 2020-ci il tarixinin ilk ildönümünü qeyd edirik. Bu tarix təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün Haqq və Ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bizim xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaqdır!

Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tariximizə Qarabağ Fatehi kimi daxil olmuş Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə – ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı. Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyinin şahidi oldu. Tarixi Azərbaycan şəhəri Şuşa qəhrəmancasına işğaldan azad olunaraq öz əsl sahibinə qaytarıldı. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları tarixi əhəmiyyətli Şuşa Bəyannaməsi regionumuzda yeni geosiyasi vəziyyət yaratdı.

Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyev cənablarının prinsipial və qətiyyətli mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri, xalqın rifahına yönələn sosial-iqtisadi proqramların gerçəkləşməsində Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təqdirəlayiq roludur.  Mehriban xanımın şəhid və qazi ailələrinə, yaralı hərbçilərə nəcib şəfqətli münasibəti, maddi-mənəvi dəstəyi və sosial yardım proqramlarına rəhbərliyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır.

Dünya ictimaiyyəti yaxşı bilir ki, bizi 27 sentyabra aparan səbəblər son dərəcə ciddi və danılmaz həqiqətlərdir. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməyən Ermənistan cəzasızlıqdan ruhlanaraq işğalın davam etdirilməsi yolunu seçdi, qəsdən danışıqlar prosesini pozdu. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu, daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı. Ermənistanın  Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Zəbt olunmuş ərazilərimizdə müsəlman və xristian məbədlərini dağıdan,  müharibə qanunlarını, beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının müvafiq müddəalarını pozan Ermənistan silahlı qüvvələri qadağan olunmuş silah və bombalarla təmas xəttindən, həmçinin, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tutur, yüzlərlə günahsız insanın, uşaq, qadın və qocaların ölümünə səbəb olur, mülki məntəqələrə zərbələr endirirdi Hətta paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. İşğal dövründə ərazilərimizin minalanması səbəbindən bugünədək mülki əhali və hərbçilər həlak olur və xəsarət alırlar.

27 sentyabrdan başlanan və 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi, 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Həsrətində olduğumuz Qarabağın azadlığı naminə övladlarımız  Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Qələbəni Azərbaycan xalqına əmanət etdilər. Qarabağın azad olunması uğrunda, Vətən müharibəsi dövründə Azərbaycanda ənənəvi olaraq mövcud olan tolerantıq və multikultural dəyərlərə istinadən bütün vətəndaşlarımız Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək Vətənə sadiqliklərini nümayiş etdirdilər. Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov, Denis Pronin, Yuri Kovalyov, Ruslan Polovinko, Sergey Senyuşkin və b. kimi yüzlərlə qəhrəmanımız doğma Azərbaycan üçün şəhidlik zirvəsinə ucaldılar. Onların əziz xatirəsi əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Biz ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik.     

Tariximizin çox mürəkkəb və məsuliyyətli dönəmində bizi dəstəkləyən  qardaş və dost ölkələrə, dini təşkilatlara və beynəlxalq qurumlara minnətdarlığımızı bildiririk. Fəqət təəssüflə qeyd etməliyik ki, illər boyu Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri, mədəni-mənəvi irsimizə qarşı vandalizm faktlarını ört-basdır etmək istəyən qüvvələr bu gün də ikili standartlarla erməni terrorizminə və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün səy göstərirlər. Ermənistanı bir daha işğalçı, revanşist, millətçi, separatçı siyasətindən əl çəkməyə çağırırıq. Erməni Kilsəsini təxribatçı, qisasçı müharibəyə səsləyən çağırışlara son qoymağa, sülh üçün səy göstərməyə dəvət edirik – bu, Bir Olan Yaradanımızın buyurduğu müqəddəs dəyərlərə ən uyğun yoldur.

Biz din xadimlərinin əsas məqsədi – gələcəkdə baş verə biləcək müharibələrin, günahsız insan tələfatının, terror aktları və münaqişələrin qarşısını almaq üçün tarixin dərslərini xatırlatmaqdır. Bu niyyətlə, təqvimimizə Böyük Zəfər yolunun başlanğıcı kimi yazılan 27 sentyabr Anım günündə qəhrəman şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik. Uca Rəbbimiz Azərbaycan dövləti və xalqını hifz etsin,  hər zaman müzəffər qərar versin!

Qafqaz Müsəlmanları İdarəsinin sədri                      

Şeyxülislam Allahşükür PAŞAZADƏ                              

Dağ Yəhudiləri Dini İcmasının sədri            

Milix YEVDAYEV

Avropa Yəhudiləri Dini İcmasının sədri         

Aleksandr ŞAROVSKİ

Rus Pravoslav Kilsəsinin

Bakı və Azərbaycan Yeparxiyasının katibi

Protoiyerey Mefodiy Əfəndiyev

Alban-udi Dini İcmasının sədri                  

Robert MOBİLİ

 Bakı şəhəri, 29 sentyabr 2021-ci il

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ VƏ DİNİ LİDERLƏR VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİ YAD ETDİLƏR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini...

Bağla