İslamın Azərbaycanda yayılmağa başlamasından qısa müddət sonra bu dinə xidmət edən dəyərli alimlər yetişməyə başladı. Fərqli elm sahələrində yetişən bu alimlər ümumi mənada İslamın, xüsusi mənada isə ölkənin və xalqın dirçəlməsi üçün böyük işlər görmüşdür.
Orta əsrlərdə Azərbaycanda bəzi bölgələr və şəhərlər digərlərindən həm elm, həm inkişaf, həm də mədəniyyət baxımından fərqlənirdi. Belə şəhərlərin başında Bərdə gəlirdi. Bərdə, tarixən Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olmuşdur. Orta əsrlərin məşhur ipək yolunun Bərdədən keçməsi şəhərin daha da inkişaf etməsinə təkan vermişdir. Məhz buna görə orta əsr qaynaqlarında Bərdə şəhərindən “Arranın anası” deyə bəhs edilir.
Bərdədə yetişən məşhur alimlərimizdən biri də Əhməd əl-Bərdicidir. Alimin tam adı Əbu Bəkr Əhməd ibn Harun əl-Bərdicidir. AMEA-nın müxbir üzvü Zakir Məmmədovun verdiyi məlumata görə Əhməd əl-Bərdici miladi 844-cü ildə Bərdə şəhərindən 14 fərsəx uzaqda, Kür çayının sahillərində yerləşən Bərdic şəhərində anadan olmuşdur (Məmmədov, 1978: 18).
Əhməd əl-Bərdici ilk təhsilini Bərdic şəhərində aldıqdan sonra elm sahəsində zəruri biliklərə yiyələnmək üçün doğma şəhərini tərk edərək İraq, Suriya, Hicaz və Misir kimi elm mərkəzlərinə getmişdir. Mənbələrin verdiyi məlumata görə Əhməd əl-Bərdici getdiyi hər yerdə həm elm öyrənir, həm də elm öyrədirmiş. Hətta 25 yaşının olmasına baxmayaraq o, dövrünün tanınmış alimlərindən birinə çevrilmişdir (Məmmədov, 1986: 6).
Əhməd əl-Bərdicinin elmi fəaliyyəti əsasən Hədis sahəsi ilə bağlıdır. İslam elmlərində ad qazanmış bir çox alim Əhməd əl-Bərdicidən ağız dolusu danışmışdır. Belə ki, Əbdülhəsən əl-Dəraqunti (918-995) onu “hədis elminin dayaqlarından biri” saymış, “inanılmış”, “etibar edilən” və “nüfuz sahibi” adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səm’ani (1113-1167) Əhməd əl-Bərdici haqqında “zəkalı” və “fəzilətli” ifadələrini istifadə etmişdir. İbn əl-İmad əl-Hənbəli (ö. 1078) isə əsərində alim haqqında bu ifadələri qeyd edir: “Əhməd əl-Bərdici axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi” (Məmmədov, 1994: 100-104).
Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi məlumat verilir: “Mən rəvaən in-Nəbi (s) fi-l-kəbair” (Böyük günah barədə Peyğəmbər əleyhissəlamın sözlərini nəql edənlər), “Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl və-l-məqtu və bəyan ət-turuq əs-sahiha” (Hədis, mürsəl və məqtudan ayrılmamışın idrakı və düzgün yolların bəyanı) və “Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə və-t-tabiin və əshab əl-hədis” (Səhabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri).
Bunlardan “Səhabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri” traktatı daha məşhurdur. Burada 426 Peyğəmbər səhabəsinin, ardıcılının, və hədis aliminin adı, onların mənsub olduqları yerlər göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: “Bu .əxs adları mənim (araşdırdığım) nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik” (Məmmədov, 1994: 56).
Həmin əsər əsrlər boyu İslam ideoloqlarının marağını doğurmuşdur. İbn Bükeyr əl-Bağdadi (938–998) ona şərh və kiçik əlavələr verməklə özünün “Nəqd təbəqat əl-əsma əl-müfrədə” (Nadir adların təbəqələrinin tənqidi) traktatını qələmə almış, bir sıra İslam hüquqçusu və ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniş bəhrələnmişdir (Məmmədov, 1994: 24).
Murad Ağayev