Dünyaya gələn hər insan fitrət üzrə gələr. “Fitrət” insanın hər hansı bir dəyişikliyə məruz qalmayan təbii halıdır. Təbiətinə mənfi hər hansı bir şey qarışmayan insan saf insandır. Hər bir valideynin dünyaya saf və təmiz olaraq gələn övladının bu paklığını qoruması və bu paklığı həyatı boyu davam etdirməsinə töhfə verməsi valideynlik borcudur. Çünki dünyaya saf bir baxışla baxan övladın öz təmiz təbiətinə uyğun olan gözəllikləri qəbul etməsi asan olur. Valideyn bunu fürsət bilərək kiçik yaşdan öz övladına gözəllikləri bir sənətkar kimi nəqş etməlidir. Çünki kiçik yaşda verilən təlim və tərbiyənin övlad üzərindəki təsiri daha böyükdür.
Valideyn övladını sadəcə maddi yöndən təmin etməklə vəzifəsinin bitdiyini düşünməməlidir. Övladının ədəbi, əxlaqı, təlimi, tərbiyəsi də valideyin üçün önəmli bir vəzifədir. Çünki maddi yöndən təmin olunan lakin mənəvi olaraq nöqsanlı olan bir insan cəmiyyətə yalnız zərər verər. Bu baxımdan uşaq tərbiyəsi çox həssas bir prosesdir. Bəlkə də, Quranda övladın “imtahan vəsiləsi” adlandırılması (Ənfal, 8/28) bu prosesin məşğuledici və məşəqqətli olmasına da işarə edir. İnsan yetişdirmək çətin olduğu qədər dəyərli, yorucu olduğu qədər də şərəfli bir işdir. Çünki nəticə etibarilə ana və ata üzlərini ağ edən bir övlad böyütməklə üzərlərinə düşən vəzifəni yerinə yetirmə sevincini yaşayacaq, onunla cənnətdə də bir yerdə olma şansını əldə edəcəklər. (Rad, 13/23). Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim üç qız uşağının dolanışığını öz üzərinə götürər, onları tərbiyə edib evləndirər və onlara qarşı gözəl davranarsa, onun üçün cənnət vardır“. (Əbu Davud, Ədəb, 120). Övladına kifayət qədər əmək sərf etməyən, ona qarşı laqeyd yanaşan və Allahın razı olduğu şəkildə böyütməyənlər isə qiyamət günü həm özlərini, həm də övladlarını zərərə uğradarlar. (Zümər, 39/15).
Nəticə olaraq övladların sağlam ruhda tərbiyə olunması valideynlərin üzərinə düşən ən önəmli vəzifədir. Gözəl tərbiyə, dünyada dəyəri heç bir şeylə ölçülməyəcək qədər qiymətlidir. Bu görə də Rəsulullah (s.ə.s): “Heç bir valideyn övladına gözəl tərbiyədən daha qiymətli bir hədiyyə verməmişdir” buyurmuşdur. (Tirmizi, Birr, 33).
f.f.d Səfa Muradov