Uca Allah müqəddəs kitabında: “Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim!” (Ğafir, 40/60) – buyuraraq bəndələrinin həm dünya, həm də axirət səadəti üçün Ona dua etmələrini istəyir. Həzrət Peyğəmbər (s.ə.s) də: “Dua möminin silahı, dinin dirəyi, göylərin və yerin nurudur”, (Hakim, “Müstədrək”, I, 492) – buyuraraq dua etməyin nə qədər əhəmiyyətli olduğunu vurğulamışdır. Buna görə də hər işdə özümüzə rəhbər tutduğumuz peyğəmbərlərin Allah-Təalaya necə dua etdiklərini də öyrənməli və dua etməkdə də onların izindən getməliyik.
Qurani-Kərimdə Allah-Təala tərəfindən hidayət rəhbəri olaraq göndərilən peyğəmbərlərinin bir qisminin həyatına dair ibrətamiz qissələr yer alır və bu qissələrdə həmin peyğəmbərlərin Uca Allaha etdikləri dualar da qeyd olunur. Həmin peyğəmbərlərin etdikləri duaların bir qismi bunlardır:
Həzrət Adəmin (ə.s) duası: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”. (Əraf, 7/23)
Həzrət Nuhun (ə.s) duası: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!” (Hud, 11/47); “Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!” (Nuh, 71/28)
Həzrət Lutun (ə.s) duası: “Ey Rəbbim, fitnə-fəsad törədən bu qövmə qarşı mənə yardım et!” (Ənkəbut, 29/30)
Həzrət Süleymanın (ə.s) duası: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et!” (Nəml, 27/19)
Həzrət Zəkəriyyanın (ə.s) duası: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”. (Ali-İmran, 3/38)
Həzrət Əyyubun (ə.s) duası: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” (Ənbiya, 21/83)
Həzrət İbrahimin (ə.s) duası: “Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən”. (Bəqərə, 2/128)
Həzrət Musanın (ə.s) duası: “Ey Rəbbim, qəlbimi genişlət! İşimi asanlaşdır! Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü başa düşsünlər!” (Taha, 20/25-28); “Cahillərdən olmaqdan Allaha sığınıram!” (Bəqərə, 2/67)
Həzrət İsanın (ə.s) duası: “Ey Allahım, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, bizlər və bizdən sonrakılar üçün bayram və Səndən gələn bir möcüzə olsun! Bizə ruzi ver! Sən ruzi verənlərin ən xeyirlisisən”. (Maidə, 5/114)
Həzrət Mühəmmədin (s.ə.s) duası: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!” (İsra, 17/80); “Ey Rəbbim, elmimi artır!” (Taha, 20/114)
f.f.d Ələddin Sultanov