Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiörən rayonunda yaşayış binasında partlayış baş verib. Yerli mətbuatın xəbərinə görə, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Təbii qaz səbəbindən baş verdiyi güman edilən partlayış zamanı binanın yarısı uçub.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Ankara valisi Vasip Şahin hadisə yerinə gedərək partlayış barədə jurnalistlərə açıqlama verib. Faktla bağlı təhqiqat davam edir.