KÖVSƏR SURƏSİNİN TƏFSİRİ

0

Məkkə dövründə nazil olan (enən) surələrdən biri də Kövsər surəsidir. Bəzi alimlər Kövsər surəsinin Mədinə dövründə nazil olduğunu qeyd etsə də, həm surənin möhtəvasına, həm də üslubuna baxdığımız zaman bu fikrin nə qədər zəif olduğunu görərik (Dərvəzə, I/183). Bu surə adını ilk ayədə keçən “kövsər” sözündən almışdır. Üç ayədən ibarət olan Kövsər surəsi Qurani-Kərimin ən qısa surəsidir.

Təfsir qaynaqlarına nəzər yetirdikdə Kövsər surəsinin nüzul səbəbləri haqqında məlumatların yer aldığını görürük. Belə ki, Təbəri və Süyutinin əsərlərində keçən məlumata görə Kövsər surəsi As ibn Vailin məkkəli müşriklərə Həzrət Peyğəmbərdən (s.) “nəsli kəsik” (əbtər) deyə bəhs etməsi üzərinə nazil olmuşdur. Başqa bir məlumata görə Həzrət Peyğəmbərin (s.) oğlan övladları kiçik yaşda vəfat edincə, məkkəli müşriklər ona, nəslinin davam etməyəcəyini deyərək gülüş hədəfinə çevirmək istədilər. Bunun üzərinə Allah Təala Kövsər surəsini endirərək həm Həzrət Məhəmmədə (s.) təsəlli vermiş, həm də söylədikləri çirkin sözlərinə görə məkkəli müşriklərə xəbərdarlıq etmişdir (Təbəri, 30/201-2013; Süyuti, 221).

Surənin ilk ayəsi Həzrət Məhəmmədə (s.) kövsərin verildiyini bildirir. Kövsər sözü lüğətdə həm isim, həm də sifət kimi fərqli mənalar ehtiva edir. İsim kimi kövsər sözü “xeyir”“bərəkət” mənasına gəlir. Sifət kimi isə “çox”, “xeyli” kimi mənaları ifadə edir. Kövsərin nə olduğu haqqında qaynaqlarda geniş məlumatlar vardır. Hədislərdə kövsər, Allahın Həzrət Məhəmmədə (s.) vəd edilən cənnət çaylarından biri olaraq keçir. Müfəssirlər buradan hərəkət edərək kövsər çayı haqqında geniş əsərlər yazmışdır. Bəzi hədislərdə isə cənnətdə yer alan bir hovuzun kövsər olaraq adlandırıldığı qeyd edilir (Üzüm, 2002: 27/345).

Surənin ikinci ayəsində Allah üçün namaz qılınıb qurban kəsilməsi əmr edilir. Müfəssirlər, ayədə ifadə olunan namaz sözünün fərz namazları yoxsa bayram namazlarını ifadə edib etməməsi üzərində ixtilaf etmişlər. Hətta bəzi alimlər namaz sözünün bütün namazları ifadə etdiyi fikrini müdafiə etmişdir (Razi 1988, 32/119-128). Ayə hər nə qədər yuxarıda qeyd edilən mənaları ehtiva etsə də, ayənin konteksi nəzərə alındığı zaman burada, Uca Allahın Həzrət Peyğəmbərdən (s.) ona bəxş etdiyi nemətlər qarşılığında bütün şükür və təsbehləri qarşılayacaq namaz və qurbanı kəsmək kimi ibadətlərin edilməsinin istəndiyini söyləmək daha uyğun görülür (Razi 1988, 32/119-128).

Üçüncü ayə isə Həzrət Məhəmmədə (s.) dil uzadıb ona “nəsli kəsik” deyən As ibn Vaildən bəhs edir. Allah, Həzrət Məhəmmədə (s.) oğlan övladlar vermiş, lakin kiçik yaşda hər biri vəfat etmişdir. Bunu görən məkkəli müşriklərdən və Qureyş qəbiləsinin başçılarından biri olan As ibn Vail, Həzrət Peyğəmbəri (s.) insanlar içində alçaltmaq üçün onun nəslini davam etdirəcək heç bir övladının olmadığını ifadə edən “nəsli kəsik” ifadəsini işlətmişdir. Bunun üzərinə Allah Təala Kövsər surəni endirərək əslində nəsli kəsik olanın As ibn Vail olduğunu bildirmişdir.

Hər nə qədər Kövsər surəsi Qurani-Kərimin ən kiçin surəsi olsa da, ehtiva etdiyi mənaları baxımından geniş bir surədir. Bu surə, ilk olaraq verdiyi nemətlərindən dolayı uca Allaha şükür etməyin əhəmiyyətindən bəhs edir. İkincisi, Kövsər surəsi hər hərəkətin və söylənən hər sözün insanlar üzərində nə qədər böyük təsirinin olduğuna işarə edir. Bu, eyni zamanda insanların diqqət etməsi tələb olunan çox önəmli bir ədəb qanunudur.

Bizə nemətlərini əta edib tamamlayan və bizi doğru yola yönəltən Allaha həmd olsun!

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏLİ ERBAŞ HƏCC ZİYARƏTİ BARƏDƏ AÇIQLAMA VERİB

Türkiyə Diyanət işlərinin sədri Əli Erbaş, qlobal pandemiya səbəbindən dayandırılan müqəddəs Həcc ziyarəti barədə açıqlama verib. Yerli telekanallardan birinə müsahibə...

Bağla