BEYİN SATIŞI

0

Beyin gündən-günə sirləri açılmağa davam edən bir orqandır. Beyin sirləri aşkarlandıqca, beyinə müdaxilələr də çoxalır. Yaxın gələcəkdə beyinlərin satışı mümkün olacaq(mı?). Beyindəki məlumatların oxuna bilən, ölçülə bilən, dəyişdirilə bilən, nəql edilə bilən olduğu təxmin edilir və bu məcrada tədqiqatlar davam edir. Bu məsələ üzərində düşünən elm adamları deyir ki, yaxın gələcəkdə beyin satışı həyata keçirən şirkətlər peyda olacaq. Məsələn, bir alim öz beyninin öldükdən sonra satışa çıxarılmasını vəsiyyət edəcək və bu işlə məşğul olan şirkətlərdən buna müqabil öncədən pul ala biləcək. Bunu icra edən şirkətlər isə o adamın beynini öldükdən sonra müəyyən proseslərdən keçirərək, bütün beyin məlumatlarını əldə edəcəklər. Daha sonra bu məlumatları (beyni) müəyyən pul qarşılığında  müştərinin beyninə yükləyəcəklər. Beləliklə, o alimin beynini alan müştəri, bir növ o alimin biliklərinə sahib olacaq (?). Təbii ki, bu cür məsələlər gerçək olsa belə, bunun fəsadları və əks təsiri də olacaqdır. Necə ki, hər hansı bir dərmanın əks təsiri vardır, eləcə də, beyin nəqlinin də əks təsirləri və fəsadlarının olacağını təxmin etmək çətin deyildir.

İtalyan professor Sergio Kanavero cansız bədənə ilk baş (kəllə) transplantasiyasını uğurla həyata keçirdiklərini açıqlayıb. Çində 18 saat davam edən əməliyyatdan sonra müvəffəqiyyətlə baş nəqlinin mümkün olduğunu ifadə edən Kanavero: – “Beyin ölümü keçirmiş insanları istifadə edərək beyin transplantasiyası mümkün olacaq” deyir. Ardından sözlərinə belə davam edir:

 – “1954-cü ildə Amerikada başlayan böyrək nəqli, Çində həyata keçirilən kəllə nəqli ilə davam edir. Mənim əsl məqsədim isə beyin nəqlidir”. O, əslində bunun asan bir iş olmadığını bu sözləri ilə təsdiqləyir: – “Deməliyəm ki, bizim beyin haqqında heç bir təsəvvürümüz yoxdur. Son dövrdə beynin xəritəsini çəkmək üçün ciddi səylər göstərildi, ancaq bir nəticə çıxmadı. Alimlər olaraq daha çox şey öyrəndiyimizə əminik, lakin hələ də beynin tam xəritəsi hazırlanmayıb. Şüur mövzusu ​​həm tibbi, həm də fizikanı, hətta dini ehtiva edən sonsuz bir okeandır. Qənaətimcə şüur ​​Tanrı tərəfindən verilib, onun içində nəyin olduğunu bilmək və onun necə işlədiyini başa düşmək çox çətindir”.

İnsan öz maraqları uğrunda hər cür çətinliklərə sinə gərən, hətta bəzi hallarda özünü təhlükələrə atan bir varlıqdır. İnsanlar ölümsüz olmaq istəyirlər, hərçənd ki bu mümkün deyil, yenə də biçarə insanoğlu bunun çarələrini axtarmağa davam edir. Beyin nəqli asan bir məsələ deyil. Deyək ki, yaxında bu gerçəkləşdi, o zaman insanları duyğu nəqli, şüur nəqli, zehin nəqli, vicdan nəqli kimi yeni məsələlər məşğul edəcək. Ölümsüzlük axtarmaq yanlış bir şey deyil, sadəcə bu ölümsüzlüyün axirət aləmi ilə birlikdə bərqərar olacağına inanmamaq problemdir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ İKİ DƏFƏ ZƏLZƏLƏ OLUB

Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb. “Haber Global”ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat...

Bağla