Dekabrın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: biz birlikdə güclüyük!” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK və tabeliyindəki qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini konfessiya rəhbərləri iştirak ediblər.
Konfransda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev deyib ki, xalqımızın öz Lideri ətrafında sıx birləşərək rəşadətli ordumuzun yenilməz şücaəti və şəhidlərimizin qanı bahasına qazanılan böyük Zəfər yolu böyük məşəqqətlərdən keçib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin əbədi olması uğrunda mücadiləmiz böyük siyasətçi, Prezident İlham Əliyevin davamlı səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək bizi Qələbəyə çatdırıb. Heydər Əliyevin məktəbinə, onun ali mənəviyyat ruhuna sadiqlik Prezident İlham Əliyevin dövlətçilik xəttinin uğurunu təşkil edən başlıca amillərdəndir. Bu siyasətin tərkib hissəsi olan nümunəvi dövlət-din münasibətlərindəki uğurlar din xadimləri üçün xüsusi olaraq önəmli və dəyərlidir. “Dövlətimizin başçısının fəaliyyətini səciyyələndirən başlıca cəhət sözlə işin vəhdəti, verilən vədlərə sadiq çıxaraq onlara əməl olunmasıdır”. –deyə QMİ rəsmisi bildirib.