QURANİ-KƏRİM DÜŞÜNMƏYİ ƏMR EDİR

0

Düşünmək insanın Allahın ona bəxş etdiyi ağıl nemətindən lazımınca istifadə etməsidir. Bu imtahan dünyasındakı sınaqda müvəffəqiyyət əldə etməyin yolu da məhz ağlı düzgün şəkildə işlətmək və dərindən düşünməkdən keçir. Buna görə Qurani-Kərimdə də onlarca ayədə insan oğlu düşünməyə və ağlını işlətməyə dəvət olunur. Beləcə, insan həm dünya işlərində və elmi inkişafda, həm də axirət həyatı üçün uğur əldə edər. Misirli təfsir alimi Tantavi Cövhəriyə görə, ümumilikdə elmə və təfəkkürə təşviq edən ayələrin sayı 750-dən çoxdur.[1] Təfəkkürə dəvət edən başlıca Quran ayələrini belə sadalamaq olar:

“Səndən içki və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz”.[2]

“Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız”.[3]

“Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!”[4]

“De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, – demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, – demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?”[5]

“Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik”.[6]

“Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır”.[7]

“Allah onun vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır”.[8]

“(Onları) açıq-aşkar möcüzələr və kitablarla (göndərmişdik). Sənə də Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər”.[9]

“Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır”.[10]

“Onlar öz-özlərinə Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir”.[11]

“O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır”.[12]

“Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik”.[13]

Qurani-Kərimdəki təfəkkür ayələrini iki qismə ayırmaq mümkündür: 1. Qurani-Kərim üzərində təfəkkür; 2. Digər məxluqat üzərində təfəkkür. Yəni Qurani-Kərim bizim həm ilahi kəlamı dərindən düşünüb anlamağımızı tələb edir, həm də kainatı və içindəkiləri təfəkkür edib Allahın böyüklüyünü anlamağımızı istəyir.

Mənbələrdə qeyd olunan bir rəvayətə görə, Həzrət Aişə (r.ənha) belə demişdir: “Allah Rəsulu (s.ə.s) bir gecə durub dəstəmaz aldı və namaz qıldı. Namazda ikən o, çox ağladı. Gözlərindən axan yaşlar saqqalını və səcdəyə getdiyi yeri islatmışdı. Sübh azanı vermək üçün gələn Bilal (r.ə): “Ey Allahın Rəsulu! Keçmiş və gələcək günahlarınız bağışlandığı halda nə üçün ağlayırsınız?” – deyə soruşduqda o: “Bu gecə Allah-Təala ayə nazil etdi. Məni ağladan bu ayədir”, – dedi və həmin ayələri oxudu: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!”[14] Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurdu: “Bu ayələri oxuyub onları düşünüb təfəkkür etməyənlərin vay halına!”[15]

Nəticə etibarilə, Uca Allahın əzəmətini təfəkkür edən insan Onun böyüklüyü qarşısında qəflətdən oyanar, imanı güclənər, öz nöqsanlarını dərk edər. Kainatın quruluşunu və mükəmməlliyini, yaradılış məqsədini, bəxş edilən nemətlərin gözəlliyini, dünyanın faniliyini düşünən insan Allah-Təalanın bəndələrinə nə qədər çox lütflər bəxş etdiyini və Onun ucalığını anlayar. Digər tərəfdən ağlını işlədən insan Allahın yaratdığı məxluqatı və kainatda qoyduğu nizamı düşünərək müsbət elmlər sahəsində də böyük nailiyyətlər əldə edə bilər.

f.f.d Ələddin Sultanov

[1] Tantavi, “əl-Cəvahir fi təfsiril-Quran”, Misir H.1350, I, 3.
[2] Bəqərə, 2/219.
[3] Bəqərə, 2/266.
[4] Ali İmran, 3/191.
[5] Ənam, 6/50.
[6] Yunis, 10/24.
[7] Rəd, 13/3.
[8] Nəhl, 16/11.
[9] Nəhl, 16/44.
[10] Nəhl, 16/69.
[11] Rum, 30/8.
[12] Casiyə, 45/13.
[13] Həşr, 59/21.
[14] Ali İmran, 3/190-191.
[15] İbn Hibban, “Səhih”, II, 386.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dini Konfessiyaların rəhbərləri Cənab prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

ZATİ-ALİLƏRİ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ Möhtərəm cənab Prezident! Zati-alilərinizi əlamətdar yubiley –  təvəllüdünüzün 60 illiyi münasibətilə təbrik etməkdən...

Bağla