Son zamanlar insanlar hər gün yeni bir reallıqla oyanırlar yuxudan. Daha dəqiq desək, hər gün insanlar yeni bir “real yuxu” ilə qarşılaşırlar. Hər kəsin bir hürriyyət anlayışı var. Hürriyyət “hər kəsin hər şey edə bilməsi” kimi başa düşülsə də, bunun belə olmadığını hamı yaxşı bilir. Bu dünyada hər kəsin hər şey etməsi mümkündürmü görəsən? Bu sualın cavabı, qətiyyətlə və bir mənalı şəkildə “xeyr” olmalıdır. Axır vaxtlar “metaverse” deyilən bir digital dünya ortaya çıxdı. Bu digital dünyada insanlara sonsuz hürriyyət vədi verirlər (?). Hər kəs istədiyini bu dünyada edə biləcək (mi?) deyirlər. “Metaverse” sözünün manası “kainat ötəsi” deməkdir. İnternetin “dayısı” adlandıra bilərik bu “yalançı dünya”nı. Dünyadakı ləzzətlər artıq ləzzət vermir dünyaya aludə olub, ona yapışanlara. Məgərsə, Allah Quranda dünya həyatının qısa, aldadıcı və müvəqqəti olduğunu dəfələrlə xəbər verir (Ali İmran 14, Nisa 77, Tövbə 38). Allahın öyüd və əmirlərinə qulaq asmayan, axirətə inanmayan, əsl cənnətləri istəməyən, dünyapərsət bəşərlər bütün insanları öz yalançı cənnətlərinə dəvət edirlər. Onların dəvət etdikləri saxta cənnətlərdə hər kəsə “sonsuz hürriyyət” veriləcəyini söyləyirlər. Saxta cənnətə girmək arzsusunda olanlar oraya “digital şəxsiyyətlə” girəcəklər. Buna başqa sözlə “avatar” deyilir. Öz evində oturan bir insan avatarı vasitəsilə “3D” aləmdə istədiyini (!) edəcək. Saxta cənnətdə yaradılan aləmin “3D”, yəni 3 ölçülü (en, uzun və hündürlük) olması, bu saxta kainatın cazibəsini artırır. Getdikcə hedonizmin (həzz dünyası) içinə qərq olan bəşəriyyət, “metaverse” aləmində tamamən əriyib gedəcək (Allah qorusun). Peyğəmbər aleyhissalam əfəndimiz deyir ki, “bu dünyada bir qərib, yaxud bir yolçu kimi ol” (Tirmizi, Zühd, 25). Bu hədis bizə bu dünyanı öyrənməyi, kəşf etməyi, araşdırmağı, yeni şeylər icad etməyi qadağan etmir. Sadəcə icad etdiyimizə, əllərimizlə düzəltdiyimizə ilişib qalmaq, onu ilahlaşdırmaq qadağan olunub.
Qiyamət əlamətlərindən sayılan dəccalın saxta cənnətləri (Buxari, 3450) bəlkə də, elə “metaverse”, yaxud onun bənzərləridir. Özümüzü, ailəmizi və hər kəsi bu yalançı cənnətlərin içində əriyib getməkdən qorusun. Bunun ən təməl çarəsi namazı həqiqi mənada əda etmək və şəhəvi arzulardan, həva və həvəsin tələsindən uzaq dayanmaqdır. Rəbimiz Quranda namazı tərk edib, həva və həvəslərinə uyan nəsillərin aqibətindən danışarkən, onların (cəza olaraq) “ğay (غي)” adında bir yerə atılacaqlarından bəhs edir. Bəlkə də bu “ğay” əslində bu yalançı cənnətlər ilə başlayan bir yolun sonudur. Peyğəmbər aleyhissalam əfəndimizin həyatı boyunca, xüsusilə son nəfəsdə bizə tövsiyə etdiyi namaz məsələsini bir daha xatırlamalı və xatırlatmalıyıq.
Rəşad Manafov