İBADƏTLƏRİN MƏQBULU DAVAMLI OLANDIR!

0

Allah dərgahında az olsa belə davamlı edilən ibadətlərin daha dəyərli və daha məqbul olduğunu tez-tez ümmətinə xatırladan Allah Rəsulu (s.ə.s) başlanmış bir ibadətin və ya xeyirli bir işin arası kəsilmədən davamlı olmasını tövsiyə edərdi. Çünki belə olduqda insan öz həyatını prinsiplərə bağlayaraq özü-özünü hesaba çəkər və hayatının tərtibli olmasını təmin etmiş olar. Bunun əksi olan qətiyyətsizlik qədər insan üçün zərərli bir davranış yoxdur. Çünki qətiyyətsiz insanlar həyatda ya heçnə etməz ya da başladıqları bir işi sona çatdırmazlar. Hər iki haldada zərərdə olarlar. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində Abdullah ibn Amra (r.a) belə buyurmuşdur: Ey Abdullah! Filankəs kimi olma. Çünki o, gecə ibadətlərinə davam edərkən artıq gecələri durmağı tərk etdi.” (Buxari, Təhəccüd 19).

            Nəfsə ağır gələn bir işi uzun müddət davam etdirmək mümkün deyil. Odur ki, bir ibadətə və ya gözəl bir əmələ başladığımız zaman onun bizi yoracaq və tərk etdirəcək qədər ağır olmamasına diqqət etmək lazımdır. Rəsulullah (s.ə.s) bu dinin asanlıq dini olduğunu söyləyərək uzun uzadı ibadətlərdən uzaq durmağı, orta yolu tutmağı tövsiyə edər, bir ibadəti və ya gözəl bir əməli əmr etdikdə “gücünüzün çatdığı qədər” deməyi unutmazdı. Həzrət Aişə (r.anha) deyir ki; “Bir gün bir qadınla evdə oturarkən Allah Rəsulu gəldi və; Bu qadın kimdir? -deyə məndən soruşdu. Filankəsdir – dedim və qadının qıldığı namazlar barədə danışmağa başladım. Bunu eşidən Rəsulullah (s.ə.s): Uzatma, gücünüzün çatdığı qədər ibadət edin. Allaha and içirəm ki, siz usanmadıqca Allah usanmaz. Taqətiniz kəsilincəyə qədər ibadət etsəniz Allah qəbul edər. Fəqət Allah heç vaxt bütün iş-gücünüzü atıb vaxtınızı ibadətə sərf etməyinizi istəməz. Allahın ən çox sevdiyi ibadət az və davamlı olan ibadətdir –buyurdu (Müslim, Təharət 5).

            Dinimizdə hər gün təkrarlanan ibadətlərin başında namaz ibadəti gəlir. Hər bir müsəlman namaz vasitəsilə dinini dirçəldər və imanını qüvvətləndirmiş olar. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Beş vaxt namaz və cümə namazı, namaz vaxtları və iki cümə arasında işlənən kiçik günahların kəffarəsidir (Buxari, Təhəccüd 18). Səhabələrdən biri Allah Rəsulundan (s.ə.s) “Ya Rəsuləllah! Allah dərgahında hansı əməl daha üstündür?” – deyə soruşduqda, Allah Rəsulu (s.ə.s) Az və davamlı olandır cavabını vermişdir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA EYNİ GÜNDƏ İKİ MƏSCİDƏ HÜCUM OLUB

Ötən gecə Fransada iki məscidə hücum olub. “Habertürk” xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb. Məscidlərin divarına...

Bağla