“Bu gün dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edirik”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Azərbaycanın, Türkiyə Respublikamızın 68-ci ildönümünü qeyd etdiyimiz 29 oktyabr 1991-ci ildə beynəlxalq aləmin bərabər haqlarına sahib bir üzv olduğuna dair iradəsini nümayiş etdirib və həmin gün bizə ikiqat bayram yaşadıb.
Beləliklə, Türkiyə çox keçmədən Azərbaycan Respublikasını rəsmi olaraq tanıyıb və “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında yenidən diplomatik münasibətlərin qurulması haqqında protokol”un imzalanması ilə iki ölkə arasındakı diplomatik münasibətlər başlayıb.
Müstəqilliyini elan etməsindən sonra Azərbaycan ilə diplomatik münasibət quran ilk ölkə Türkiyə olub.
Ötən 30 il boyunca Türkiyə həm yaxşı, həm də pis gündə dost və qardaşı Azərbaycanın yanında olub, bunu qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə ərazilərini işğaldan azad etməsindən sonra duyduğu böyük sevinc hissi ilə bir daha nümayiş etdirib.
2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan münasibətlərimizin təzahürü olan bu iradə bundan sonra da davam edəcək. Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinə və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına yaraşan yanaşma da budur.
Bu gün 30 il qabaqla müqayisədə daha güclü Türkiyə ilə daha güclü Azərbaycan mövcuddur. İki ölkənin qardaşlığı və sıx əməkdaşlığı ortaq regionlarında sülh və sabitliyin də böyük təminatçısı halına gəlib.
Azərbaycanla diplomatik münasibətlərimizin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edərək gələcəyə güvənlə baxır, ortaq rifah və inkişaf yolunda birgə əməkdaşlıq iradəmizi vurğulayırıq”, – bəyanatda bildirilib.
Report