Ötən il Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,661 mlrd. ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 12% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəni üstələyib.
Belə ki, 2019-cu ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,509 mlrd. dollar təşkil etdiyi halda, 2020-ci ildə pandemiya fonunda 7,7% azalaraq 4,161 mlrd. manata enmişdi. Nəticədə, 2021-ci ilin göstəricisi pandemiyadan əvvəlki həcmi 3,4% üstələyib.
2021-ci ilin əməliyyatlarına gəldikdə, Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,818 mlrd. dollar təşkil edib ki, bu da illik ifadədə 8,5% çoxdur. İdxalın həcmi isə 1,844 mlrd. dollara bərabər olub ki, bu da 2020-ci il ilə müqayisədə 18% çoxdur.
Nəticədə, 2021-ci ildə 974,427 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,8% azdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.