SOSİAL ETİKAMIZ

0

Bu gün altı milyon internet istifadəçisindən iki milyon insanımız facebook istifadəçisidir. Bu qısa statistik məlumatı qeyd etməkdə məqsədim odur ki, hal-hazırda Azərbaycanda kifayət qədər internet istifadəçisi və sosial şəbəkə aludəçisi var. Hələ mən başqa sosial şəbəkələr haqqında məlumat vermək istəmirəm. Mövzumuzu sadəcə facebook üzərindən izah etməyə çalışacam, siz isə qeyd etdiklərimi başqa sosial şəbəkələrə də şamil edə bilərsiz.

Bu gün hər birimizin real həyatda yaşadığımız dünyadan başqa bir də sosial şəbəkələrdə yaşadığımız bir dünyası var.  İnternetin kəşf olunması ilə insanlar sözün həqiqi mənasında iki başlı dünya yaşamağa başlayıb. İnsanlar olduqları və yaşadıqları dünyadan çox, olmaq istədikləri dünyanı rahat sərgilədikləri sosial şəbəkələrdə vaxt keçirirlər. Yəni kimin hansı düşüncəyə sahib olduğunu, nə düşündüyünü, nə zaman, harada olduğunu bilmək üçün onun sosial şəbəkələrdəki profilinə səyahət etmək kifayətdir. Ağıllı telefonlar vasitəsi ilə insanlara daha çox yaxınlaşan sosial şəbəkələr  öz növbələrində görünüş etibarilə insanları bir-birinə yaxınlaşdırır.  Yəni bir ömür boyu beş-on dosta sahib ola biləməyən insanlar, qısa müddət içərisində yüzlərlə hətta minlərlə dosta sahib ola bilir. Birdən birə bu qədər dosta sahib olan insan da bir az da sadəlövhlüyü ucbatından bütün şəxsi həyatını öz “dostları” ilə paylaşmaqda bir problem görmür. Elə əsas problemlər də bundan sonra başlayır. Sosial şəbəkələrdə hər qarşısına çıxan insanı öz dostluğuna qəbul edib, daha sonra o dostlarla  elə rahatlıqla da düşmən olan bir çox insan var.  Burda diqqət edilməsi lazım olan etik məsələ isə dostluqların keyfiyyətinə diqqət etməkdir.  Bu gün hər birimiz etiraf edə bilərik ki, sosial şəbəkələrdəki dostluğumuzda  küçədə gördüyümüz zaman salamlaşmadığımız onlarla insan var.   Bu da o deməkdir ki, biz sosial şəbəkələrdəki dostluğumuzda  keyfiyyətdən çox kəmiyyətə  diqqət edirik. Yetər ki, bizim paylaşdığımız hər hansı bir şəkli, statusu və ya videonu daha çox insan bəyənsin və ya paylaşsın. Belə demək mümkündürsə  keyfiyyətsiz dostluqlarla  keyfiyyətli sosial həyat axtarışındayıq. Ancaq bir şeyi unuduruq ki, sosial şəbəkələrdə qurulan dostluqların həqiqi mənada ömrü az olur.  

Bəzən də elə olur ki, bəzi insanlar öz real cinsiyyət, ad və kimliklərini  gizlədərək sosial şəbəkələrdən istifadə edir. Onlar elə düşünür ki, real həyatda yaşaya, deyə və edə bilmədiklərini sosial şəbəkələrdə yaratdıqları saxta profillərin arxasından edə bilərlər. Bu zaman normal kriteriyalara diqqət edərək sosial şəbəkələrdən  istifadə edən insanlar, sosial şəbəkə platformalarında şəxsiyyətə sahib olmayan  saxta şəxsiyyətlərlə qarşı-qarşıya qalırlar. 

Bu baxımdan sosial şəbəkələrdən istifadə etməyə başlayan hər kəs ilk növbədə öz əxlaqi dəyərlərinə orda da riayət etməlidir.  İstər dostluqda olan insanlara, istərsə də onların paylaşdıqları statuslara münasibətiniz sizin şəxsiyyətinizi ortaya qoyur.  Ona görə də dostluqda olan insanların hər hansı bir paylaşımında bir problem varsa, onun haqqında fikri həmin paylaşımın şərh bölməsində deyil, bir başa onunla şəxsi məktublaşma səhifəsində edilməlidir. Yoxsa bir başa paylaşılan bir statusun şərh bölməsində həmin adamın bütün dostluğunda olan şəxslərin görə biləcəyi bir yerə təhqiramiz və ya həmin adamı alçaldacaq, şəxsiyyətinə xələl gətirəcək fikirlərin yazılması heç də humanist bir davranış deyil. Əks təqdirdə sizin iradınız  status sahibinin xoşuna gəlməyə bilər və bundan sonra aranızda başlayan mübahisənin nəticəsində sizin və həmin insanın etibarı dostlarınızın nəznində zədələnə bilər.  

Unutmamaq lazımdır ki, sosial şəbəkələrdə insanların haqqında girmək eyni ilə real həyatda olduğu kimidir. Xüsusilə dini kimliyə sahib olan insan bu kimliyi dünyanın harasında olursa olsun, hansı sosial şəbəkədə, hansı şəraitdə olursa olsun onu qorumaq və ona hörmət etmək məcburiyyətindədir.   Bir insanı öz yazdıqlarınla yüzlərlə, bəlkə də minlərlə insanın bir anda gördüyü bir platformada alçaltdıqdan sonra bütün yazdıqlarını silməyin və ya hər hansısa bir şəkildə özünə haqq qazandırmağın faydasızdır.  Bunun artıq heç bir əhəmiyyəti qalmamışdır. Məsələ bir anın içərisində ictimailəşir və sən edəcəyini edirsən. Nəticə olaraq sən etdiyin bu hərəkətlə birinin haqqına girmiş olursan.  Bizim isə əsas vəzifələrimizdən biri harda olursaq-olaq gözəl əxlaqa sahib olmağımızdır.  Hər şey bu qədər sadə və sadə olduğu qədər də mürəkkəbdir…

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOCALI VƏ XOCAVƏNDDƏ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən...

Bağla