Orucun etibarlı olması üçün qəlbən niyyət etmək şərtdir. Yəni növbəti günü oruclu keçirəcəyinə niyyətli olmaq və yaxud bunun şüurunda olmaq kifayətdir. Ağızla niyyət etmək isə müstəhəbdir. Ramazan orucu üçün niyyət etmə vaxtı günəşin batışından dan yerinin ağarmasına qədər olan müddətdir. Əgər dan yerinin ağarmasına qədər niyyət edilməyibsə, növbəti gün günəşin zenit nöqtəsinə gəlişinə qədər mütləq niyyət edilməlidir. Lakin bu orucun fəcri-sadiqdən, yəni dan yerinin ağarmasından sonraya qala bilməsi üçün imsak vaxtından sonra hər hansı bir şey yeyib-içilməməsi və yaxud orucu pozan digər halların baş verməməsi şərtdir. Bundan əlavə, vurğulamaq lazımdır ki, Ramazan orucunun hər günü üçün ayrı-ayrı niyyət edilməlidir. Ən azı növbəti günü oruclu olacağının şüurunda olmaq lazımdır.
f.f.d Anar Qurbanov