İmsak kəlməsinin leksik mənası “özünü tutmaq, əl çəkmək”dir. Dini terminologiyada isə “dan yerinin ağarmasından günəşin batmasına qədər, yəni fəcri-sadiqdən iftar vaxtınadək yemək, içmək, məhrəm münasibət və digər orucu pozan hallardan uzaq durmaq deməkdir. Yəni imsak qeyd edilən hallara son qoyaraq oruca başlama vaxtıdır. Təqvimlərdə qeyd edilən imsak orucun başlama vaxtıdır. Orucun başlama və səhurun qurtarma vaxtı imsak vaxtıdır. İmsak, eyni zamanda, gecənin sona çataraq yatsı namazının vaxtının qurtarıb sübh namazının vaxtının girdiyi andır. Odur ki, əgər azan imsak vaxtına müvafiq oxunursa, azan başlayana qədər yemək olar, hətta azan başladığı ərəfədə ağızda olan loğmaların da udulmasında hər hansı bir qəbahət yoxdur. Lakin azan təqvimdə göstərilən imsak vaxtından bir qədər sonra oxunursa, belə olan təqdirdə azana qədər yemək olmaz. Çünki həmin vaxt artıq imsakın qurtardığı və orucun başladığı vaxtdır.
Oruca başlama və qurtarma vaxtı ilə bağlı Uca Allah “Bəqərə” surəsinin 187-ci ayəsində belə buyurmuşdur: “(Ramazan gecələrində) Dan yeri söküləndə ağ sap (şəfəq, aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər (yeməkdən, içməkdən, məhrəm münasibətlərdən və digər orucu pozan hallardan uzaq duraraq) orucunuzu tamamlayın!”
f.f.d Anar Qurbanov