Fil surəsi Qurani-Kərimin 105-ci surəsidir. Məkkədə nazil olmuşdur və 5 ayədən ibarətdir. Surə adını ilk ayədə keçən “fil” sözündən almışdır. Surə, Həzrət Peyğəmbərin dünyaya gəldiyi il baş tutan fil hadisəsindən bəhs edir.
“Rəbbinin fil sahiblərinə (bir fillə dəstəklənmiş) nə etdiyi görmədinmi?” (Fil, 105/1). Fil surəsinin ilk ayəsi Allahın güclü və qüvvətli fil ordusunu necə məhv etdiyi haqda məlumat təqdim edir. Yəni, Allah, ona qarşı gələn güclü bir ordunu məhv edərək saman çöpündən daha dəyərsiz bir hala gətirdi. Surənin möhtəviyatını daha yaxşı anlamaq üçün, əvvəlcə, fil hadisəsinə qısaca təmas etməkdə xeyir vardır.
Həbəş ordularının başçısı Əbrəhə Yəməndə vali təyin edildikdən sonra Yəməni ticarət və iqtisadiyyat mərkəzi etmək qərarına gəldi. Bunun üçün o,ərəblərin dini mərkəzi olan Məkkəni geridə buraxmaq üçün Sənada böyük bir kilsə inşa etdirdi. Kilsə inşası bitdikdən sonra heç bir ərəb oranı təvaf etməyə gəlmədi. Əbrəhə bu hadisədən dolayı çox əsəbləşdi və ordusunu toplayaraq Kəbəni yox etmək üçün Məkkəyə yola düşdü. Əbrəhə, ordusunu daha da gücləndirmək üçün ordusuna “Mahmud” adlı güclü bir fil başda olmaqla fillər daxil etmişdi. Yol boyu bir çox Ərəb qəbilələri ordunun ehtişamından qorxdular. Məkkə ətrafına çatan Əbrəhə və ordusunu şəhərin rəisi Əbdülmüttəlib qarşıladı. O, Əbrəhə ilə görüşdüyü əsnada Məkkənin və Kəbənin sahibinin Allah olduğunu qeyd etdi. Danışıqlar getiyi əsnada Məkkə xalqı ətraf dağlara çıxaraq hadisələri oradan izləyirdilər. Əbrəhə, danışıqların heç bir nəticə vermədiyini gördükdə ordusuna hücum əmrini verdi. Ordunun başında gedən Mahmud adlı fil önünə çıxan hər şeyi yox edirdi. Mahmud adlı fil anidən dayandı. Əsgərlər nə etdilərsə Mahmudu yerindən hərəkət etdirə bilmədilər. Fil surəsinin ikinci ayəsi bu və bundan sonra baş tutan hadisələr təmas edir. Allah Təala Fil surəsinin ikinci ayəsində belə buyurur: “Onların hiylələrini boşa çıxarmadımı?” (Fil, 105/2).
Allah Kəbəni dağıtmaq üçün hərəkət edən Əbrəhə ordusunu məhv etmək üçün ağızlarında bişmiş gil parçaları olan Əbabil quşlarını göndərdi (Ayədə belə buyurulur: “Onların üstünə bişirilmiş palçıqdan daşlar atan dəstə-dəstə Əbabil quşlarını göndərdi” (Fil, 105/3-4). Əbabil quşaları Əbrəhə və ordusunun üzərinə bişmiş gil parçalarını ataraq onları məhv etdilər. Kəbəni dağıtmaq üçün yola çıxan Əbrəhə ordusu Allahın göndərdiyi Əbabil quşları tərəfindən məhv edildi. Ordu sanki yeyilmiş əkin sahəsinə bənzəyirdi (Allah Fil surəsində belə buyurur: “Nəhayət, onları yeyilmiş əkin yarpaqları halına saldı”.) (Fil, 105/5).
Həzrət Məhəmməd (s.) dünyaya gəlmədən əvvəl bu hadisə baş verdiyi üçün Qüreyş qəbiləsinin böyükləri fil hadisəsinə şahid olmuşdular. Allah da onların bildiyi bir hadisə haqda məlumat verərək möcüzəvi bir dillə Qüreyş camaatını tənbeh etdi. Fil surəsində bəhs edilən fil hadisəsi Ərəbistan yarımadasının hər tərəfinə yayıldı və Qüreyş qəbiləsinin gücü daha da artdı. Artıq hər kəs Məkkəni ilahi qüvvələr tərəfindən mühafizə edildiyini zənn etməyə başladı. Daha sonra Allah Rəsulu (s.) bu hadisəni dilə gətirərək Uca Allahın hər şeyə qadir olduğunu vurğulamağa çalışdı. Bununla bərabər Fil hadisəsi cahiliyyə dövrü ərəblərində təqvim başlanğıcı olaraq qəbul edilmişdir. Hicrətin başlanğıcının yeni təqvimin başlanğıcı olaraq qəbul edilməsinə qədər müsəlmanlar da bu təqvimdən istifadə etmişdir.
Murad Ağayev