ƏSL ZƏNGİNLİK NƏDİR?

0

            Zəngin insan deyildiyi zaman ilk olaraq ağlımıza çoxlu mal-dövlətə, sərvətə, maddi vəsaitə sahib olan insan gəlir. Lakin dini nöqteyi-nəzərdən bu belə deyildir. Dinimizə görə zənginlik maddiyatla deyil, mənəviyyatla ölçülür. İnsan mənəvi baxımdan inkişaf etdikcə zəngin insana, mənəviyyatı gerilədikcə isə xəsis insana çevrilir. Çünki əsl zənginlik əlində olan imkanlar məhdud olsa belə onu başqalarına verə bilməkdir. Qurani-Kərimdə Uca Allah belə buyurur: “Onlar öz nəfsləri çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Onlar yemək yedirdikləri kimsələrə belə deyərlər:) Biz sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik“. (İnsan, 76/8-9). Allah Rəsulu (s.ə.s) də belə buyurmuşdur: “Zənginlik mal çoxluğu ilə deyildir. Əsl zənginlik könül (nəfs) zənginliyidir“. (Buxari, Riqaq, 15).

            İnsan mütləq zənginliyin sadəcə Allaha aid olduğunu bilərsə, dünyanın bütün sərvəti əlində olsa belə bu imkanın onun üçün bir imtahan vəsiləsi olduğunu düşünər. Çünki dünya insanın imtahan yeridir. Bu dünyada insanın sahib olduğu hər bir şeyin axirətdə hesabı vardır. İnanan, düşünən hər bir mömin bu şüur və idrak içərisində qazancının halal yoldan olmasına diqqət edər və əlində olan maddi imkanlarda ehtiyac sahiblərinin haqqı olduğunu bilər. Bu düşüncələr imkanın az və ya çox olmasından aslı olmayaraq inanan bir qəlbdə özünə yer edərsə, o insan əsl zəngin olar.

            Allah-Təala təqva sahibi və könlü zəngin olan qulunu sevdiyini bildirmişdir. (Müslim, Zöhd, 11). Çünki könül zənginliyi insanı mal yığma və daha çox qazanma ehtirasından qurtarıb maddi imkanları yaxşı yola sərf etmək üçün hərəkətə keçirən ən əhəmiyyətli gücdür. Könlü zəngin olmayan xəsis insanlar nə qədər çox mala sahib olsalar da, mallarını nə özlərinə, nə də başqalarına xərcləyə bilərlər.

            Nəticə olaraq, insana dəyər qazandıran onun maddi imkana sahib olması deyildir. İnsan sahib olduqlarını başqalarıyla bölüşə bildiyi qədər zəngindir. Əsl zəngin məhz elə budur. 

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ AZƏRBAYCANDAKI KOMANDOLARA TƏLİM KEÇİB

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb....

Bağla