QURANİ-KƏRİM NƏ ÜÇÜN RAMAZAN AYINDA XƏTM OLUNUR?

0

Allah-Təalanın insanlığa göndərdiyi son ilahi kitab Qurani-Kərimin ilk vəhyi miladi təqvimlə 610-cu ildə məhz Ramazan ayında Mühəmməd Peyğəmbərə (s.ə.s) nazil olmağa başlamış və 23 il ərzində tədrici olaraq Quranın tamamı nazil olmuşdur. Nazil olan bu vəhylər Peyğəmbərimizin hafizəsinə həkk olunmuş, eyni zamanda vəhy katibləri tərəfindən yazılmışdır. Bununla yanaşı hər il Ramazan ayında vəhyi gətirən mələk olan Cəbrail (ə.s) Peyğəmbərimizin (s.ə.s) yanına gələrək həmin vaxta qədər nazil olmuş bütün ayələri Peyğəmbərimizə (s.ə.s) oxumuş, Peyğəmbərimizdə təkrar bunları Cəbrailə (ə.s) oxuyaraq ərz etmişdir.[1] Həzrət Peyğəmbərin vəfatından əvvəlki Ramazan ayında isə bu ərz iki dəfə təkrarlanmış və buna “ərzeyi-axirə” adı verilmişdir.

Bu barədə səhabələrdən Abdullah ibn Abbas (r.ə) belə demişdir: “Hər il Ramazan ayı gəldiyi zaman Həzrət Peyğəmbər (s.ə.s) sevinər, xeyirxahlığı artar və çox fəallaşardı. Çünki hər Ramazan ayında gecə vaxtları vəhy mələyi onun yanına gələr və Həzrət Peyğəmbər (s.ə.s) ona Qurani-Kərimi tilavət edib ərz edərdi. Gün ağarana qədər bu tilavət davam edirdi”. Səhabələr arasında da Quranı xətm etmək geniş yayılmış və onlar qısa müddət ərzində Quranı xətm edirdilər. Bu səbəbdən Allah Rəsulu (s.ə.s): “Üç gündən daha az müddətdə Quranı xətm edən kimsə ondan bir şey anlamaz“, – buyuraraq onu oxumaqla yanaşı anlayıb əməl etməyin də vacib olduğunu bildirmişdir.[2]

İslam aləmində hər il Ramazan ayında Qurani-Kərimin başdan sona qədər oxunub xətm edilməsi də məhz Peyğəmbərimizin (s.ə.s) bu sünnəsinə əsaslanır. Məscidlərdə Ramazan ayında hər gün Qurani-Kərimdən bir cüz oxunmasına da Quran müqabiləsi deyilmişdir. Beləcə, Ramazan ayının sonunda Qurani-Kərimin otuz cüzü oxunub tamamlanmış olur. Qeyd edək ki, Allah-Təala Quran oxumağın fəziləti ilə əlaqəli olaraq: “Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər”,[3] – buyururaraq bununla böyük bir qazanc əldə ediləcəyini müjdələmişdir. 

f.f.d Ələddin Sultanov

[1] Buxari, “Bədül-vəhy”, 5.

[2] Əbu Davud, “Salat”, 323.

[3] Fatir, 35/29.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏSL ZƏNGİNLİK NƏDİR?

            Zəngin insan deyildiyi zaman ilk olaraq ağlımıza çoxlu mal-dövlətə, sərvətə, maddi vəsaitə sahib olan insan gəlir. Lakin dini nöqteyi-nəzərdən...

Bağla