Türkiyənin Antalya vilayətində orta məktəblərdən birində müqəddəs Quran kitabına şagirdlər tərəfindən göstərilən hörmətsizlik barədə Təhsil Nazirliyi təhqiqat başladıb.
Bu barədə bəyanat yayan nazirlik, müqəddəs Qurani-Kərimə qarşı edilən bu hörmətsizliyi qəbul etməyin mümkün olmadığını vurğulayıb.
“Məktəblərimizdən birində şagirdlərin sinifdə Qurani-Kərimə qarşı qəbul edilməsi mümkün olmayan davranışlarını əks etdirən hadisə barədə təhqiqat başladılmışdır. Bu hadisə nazirliyin müfəttişi tərəfindən hər tərəfli araşdırılır. Təhqiqat prosesi nazirliyimiz tərəfindən nəzarətə götürülmüşdür.” – deyə bəyanatda qeyd edilib.
Faktla bağlı Antalya valiliyi də təhqiqat başladıb.
“Serik Atatürk Anadolu liseyində şagirdlərin Qurani-Kərimə təpik vurması nəticəsində başladılan araşdırmadan sonra müqəssirlərin şəxsiyyəti müəyyən edilib. Faktla bağlı Respublika Prokurorluğuna müraciət edilib və istintaq davam edir.” – deyə valiliyin bəyanatında bildirilib.
Xatırladaq ki, ötən gön Türkiyə Antalya vilayətinin Serik rayonundakı məktəblərdən birində şaridlərdən biri müqəddəs Quran kitabını havaya atmış, başqa bir şagird isə müqəddəs kitabı təpiklə vurmuşdu. Faktı əks etdirən video-çarx az vaxt ərzində sosial şəbəkələrdə yayılmış və bu hadisə Türkiyədə böyük etirazla qarşılanmışdı.