Gürcüstan Respublikasında rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə görüşdü.
Görüşdə Gürcüstanın dövlət və dini qurumlarının nümayəndələri, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev iştirak etdilər.
Görüş zamanı iki tərəfli münasibətlər müzakirə olunub. Gürcüstanın Baş Naziri Azərbaycan və Gürcüstanın yaxın tərəfdaş, dost olduğunu vurğulayaraq, dövlətlər arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əmin olduğunu dedi. “Biz bilirik ki, Patriarxla Sizin aranızda olan dostluq münasibəti hər zaman bizim işlərimizə də öz təsirini göstərib. Bu görüşün Sizinlə ikinci görüş olduğunu xatırlayıram. Bizim əlaqələrimiz ən yüksək səviyyədədir. Qafqazda sülhün təmin olunmasında eyni fikirdəyik, eyni məqamları düşünürük. Biz çalışırıq ki, dövlətlərimizin məsələlərini kiminsə təsiri olmadan, özümüz həll edək. Qarabağın işğal altında olan torpaqları azad edildi, ümid edirik ki, bizim də torpaqlarımız qayıdacaq” Gürcüstanın Baş Naziri belə dedi.
İrakli Qaribaşviliyə minnətdarlığını bildirən Hacı Allahşükür Paşazadə Gürcüstanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə vasitəçi olduğunu xatırladıb. Bütün Qafqazın Şeyxi həmçinin dedi ki, Qarabağda basdırılmış minaların tapılmasında Gürcüstanın vasitəçiliyi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. “Ümid edirik ki, minalar tezliklə aşkar ediləcək, bu qan tökülməsinin aradan qalxmasında bir vasitə olacaq.” Gürcüstanın Baş Naziri bildirdi ki, prezident İlham Əliyev Azərbaycan üçün ən müdrik, ən uzaqgörən liderdir, çünki həmişə fəaliyyətində stabil, qətiyyət nümayiş etdirir: “Bu qətiyyət xüsusilə Azərbaycan-Gürcüstan münasibətlərində öz əksini tapıb”. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Gürcüstan Partiarxlığının nümayəndələrini Azərbaycana dəvət edərək dedi: “Bu yaxınlarda Gürcüstandakı Azərbaycan icmalarının nümayəndələri gəldilər, Şuşaya aparıldılar. Onlar Qarabağı əyani şəkildə gördülər. Ermənilərin Qarabağda törətdiklərini istərdik ki, Patriarxlığın nümayəndələri gəlib öz gözləri ilə görsünlər. Eyni zamanda Qarabağda aparılan bərpa işləri ilə də əyani şəkildə tanış olsunlar”.
Görüşdə iştirak edən Gürcüstan Patriarxlığının nümayəndələri bu gün keçirilən görüşü Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə Patriarx II İlya arasında uzun illərdən bəri mövcud olan möhkəm döstluq əlaqələrinin bariz təzahürü kimi qiymətləndirdilər. Patriarxlığın nümayəndələri bildirdi ki, Gürcüstandakı kilsələr Azərbaycanınm silahdaşlarıdır.