İman İslama girmək üçün birinci şərtdir. İnsan Rəbbinin birliyini və təkliyini, Peyğəmbərimizin (s.ə.s) Onun qulu və elçisi olduğunu dil ilə iqrar və qəlb ilə təsdiq edərək iman gətirmiş olur.
İmanda əsas olan qəlbin təsdiqidir. İman görünməyən, ancaq haqqında məlumat almaq mümkün olan, mücərrəd, amma mövcud olan, varlığını təcəlliləri ilə bildirən bir Rəbbə inanmaqdır. Yenə insanın görmədiyi mələklərə, yaşamadığı, amma bir gün gedəcəyi axirətə və öldükdən sonra dirilməyə inanmaqdır. Ayrıca iman gətirilən Rəbbin vəhy yolu ilə nübuvvətin və risalələr verdiyi Allah elçilərinin peyğəmbərliyinə və onlara nazil olmuş ilahi həyat düsturları olan kitabların Allahın kəlamı olduğuna inanmaqdır.
Həyat rəhbərimiz Qurani-Kərim bizi mömin olaraq vəsf edir. Mömin- iman gətirən deməkdir. Rəbbimiz bizə imanımızdan aldığımız dəyərə görə “Ey iman gətirənlər!” deyə xitab şəklində buyurur. Quran-Kərimdə səksən səkkiz yerdə bu ifadə ilə xitab edilir. Bu, Rəbbimizin Özünə iman gətirənləri xitaba hədəf seçməsidir.
İbn Məsud (r.a) bu ifadə ilə əlaqəli belə demişdir: “Uca Rəbbimizin “Ey iman gətirənlər” xitabını eşitdiyin zaman qulaqlarını aç və can-dildən onu dinlə. Çünki bu xitabdan sonra O, ya xeyirli bir işi sənə əmr edir, ya da səni pis bir şeydən çəkindirir” (Suyuti, əl-İtqan, II, 43; İbn Kəsir, Təfsir, I, 148).
Bu xitaba hədəf və məzhər olan möminin imanından daha qiymətli nə ola bilər ki! Allahın bir lütfü ilə hidayət nemətini qazanan insan daşıdığı imanını Rəbbinə qovuşana qədər ciddi bir şəkildə daşımalı, iman əmanəti ilə Rəbbinin hüzuruna varmalıdır.
Bunun üçün həyatda olduğumuz müddət ərzində dərin bir iman əndişəsinə düşmək lazımdır. Bizim üçün hər şeydən çox qiymətli olan qəlbimizdə daşıdığımız imanımıza qarşı daxili və xarici hücumların ola biləcəyini və ona qarşı mənəvi və əqli tədbirlər almamız gərəkdiyinin fərqində olmalıyıq.
Əməllərə güvənmək bir qəflət halıdır. İmanı hifz etmək üçün əmin yollar axtarmaq və Allah-Təalanın rəhmətinə sığınmaq da yenə imandan qaynaqlanan bir haldır. Mömin olaraq cənnəti ümid etməli və camalullah arzusunda olmalıyıq.
İnsanın axirət hesabı ilə əlaqəli davamlı bir əndişəsinin olması lazımdır. Allah bizi yaratdı, amma özbaşına buraxmadı. Allah bizə iman nəsib etdi, hidayət nuru ilə bir çox şeyin fərqinə vardırdı, bunun qarşılığında bizi hesaba çəkəcəyi bəzi vəzifələrdən məsul etdi. Mömin bunun şüurunda olmalıdır.
Bir möminin hesab günündən qorxması və imanının aqibətindən narahatlıq hissi keçirməsi əməllərinə olan həssaslığını artırar, həyatının istiqamətini müəyyən edər. Ayrıca bu təlaş onu Rəbbinə yönəlməyə və günahlardan uzaq durmağa sövq edər, gələcəkdə təhlükəli hallara məruz qalmaması üçün bir xəbərdarlığa çevrilməsini təmin edər. Aqibətindən narahat olmayan insanların halını Qurani-Kərim belə ifadə edir: “Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!” (Tövbə, 9/109).
Allahın dostları “yaşayanda “xof” qapısını axıra qədər açıq buraxmaq və ölüm anında da rəcaya yapışmaq” labüdlüyünü ifadə edərlər. Möminlər Allahdan, qiyamət gününün dəhşətindən, cəhənnəm əzabından ömür boyu qorxmalıdırlar. Fəqət bu qorxu onların passivliyə, hərəkətsizliyə, ümidsizlik və bədbinliyə düşmələrinə səbəb olmamalıdır. Əksinə onları qorxunun səbəblərini ortadan qaldıracaq hərəkət və davranışlara yönəltməlidir.
Keşməkeşli həyat, dünyəvi həvəslər, ehtiraslarımız, eqoizmimizi böyüdəcək hər cür səyimiz bizə imanın ləzzətini unutduracaq şeylərdir.
Daima iman təlaşı daşımağın əlaməti əməlimizdə, münasibətimizdə özünü göstərir. Müasir həyatın işıqlı vitrinlərində yox olan insan şəxsiyyətlərindən axirət təlaşını gözləmək mümkün deyil. Çünki həssasiyyətlərin olmadığı həyatlarda dindən söhbət gedə bilməz. Orada imanın əlaməti olan əməllər də yoxdur. Bu həyatın uçurumuna sürüyən burulğanlara düşməmək üçün qüvvətli bir iman lazımdır. Qüvvətli iman isə onu artıracaq bir həyat tərzini mənimsəməklə mümkündür.
Fərqində olaraq və ya olmadan, çox vaxt o uçurumun kənarına gələ bilər və ya o uçurumdan aşağı yuvarlana bilərik. Onun üçün bizə bizi imana götürəcək bir mühit, imanın ləzzətini daddıracaq xidmətlər və imanımızı bir zireh kimi qoruyacaq sağlam qulluq şüuru lazımdır.
SALİH ZEKİ MERİÇ