Tanınmış İslam alimi, “Müsəlman Alimlər Şurası”nın təsisçisi və sabiq sədri Professor Yusuf əl-Qaradavi 96 yaşında vəfat edib.
İslamveirfan.com xəbər verir ki, bu barədə Qaradavinin sosial şəbəkədəki şəxsi səhifəsində məlumat paylaşılıb.
“Ömrünü İslama ve İslam ümmətini müdafiə etməyə həsr edən Şeyx Yusuf əl-Qaradavi Rəhməti-Rəhmana qovuşmuşdur. Uca Allahdan təmənnamız budur ki, onu peyğəmbərlərə, sıddıqlara, şəhidlərə və salehlərə qonşu eləsin.” – deyə paylaşımda bildirilir.
İslam dünyasının ən görkəmli alimlərindən hesab edilən Professor Yusuf əl-Qaradavi 1926-cı ildə Misirdə dünyaya gəlib. 10 yaşına çatmadan Qurani-Kərimi əzbərləyərək hafiz olub. Əzhər mərkəzinə aid məktəbdə ilk təhsilini alıb. 1954-cü ildə Əzhər universitetinin Üsulu-Din fakultəsini bitirib.
Bir çox ərəb ölkələrində yaşayan Qaradavi, “Müsəlman Qardaşlar” cəmiyyətinin də fəal üzvü olub və bu səbəbdən bir neçə dəfə həbsə düşüb.
150-yə yaxın kitab yazan Qaradavinin əsərləri bir çox dünya dilinə tərcümə olunub. Yusuf əl-Qaradavi bir çox ölkədə konfrans, simpozium və seminarlarla çıxış edib.
Allah rəhmət eləsin.