AĞILLI İNSAN

0

Ağıl neməti Uca Allahın insana bəxş etdiyi ən dəyərli nemətdir. Dəyərli olduğu qədər məsuliyyəti də ağırdır. Allah-Təala ağıl nemətinə görə insanı digər məxluqatdan ayırmış və etdiklərinə görə onu məsul tutmuşdur. Bu səbəblə də insanın ağlını düzgün şəkildə işlətməsi və həyatına ağlı ilə işıq tutması lazımdır. Lakin bu bir gerçəkdir ki, hər ağlın istiqaməti eyni deyildir. Bəzi insanlar ağıllarını işlədərək həqiqəti tapa bildikləri halda, bəzi insanlar isə həqiqəti tapmaq bir yana tamamilə haqq yoldan uzaqlaşırlar. Elə isə insanların vahid bir həqiqət ətrafında birləşmələri üçün bütün ağılların üstündə uca bir ağla ehtiyac vardır. Bu ağıl Uca Allahın dini və Rəsulunun sünnəsidir.

Uca Allah Qurani-Kərimin bir çox ayəsində insanları ağıllarını işlətməyə səsləmiş və ağıllarını işlətməyənləri tənqid etmişdir. (Bəqərə, 2/44; Əraf, 7/179). Rəsulullah (s.ə.s) ağıllı insanın günah və xətalara qarşı özünü qoruyan və etdiyi xətalara görə peşmançılıq duyan insan olduğunu bildirmiş və bir hədisində belə buyurmuşdur: “Ağıllı insan nəfsini cilovlayan və ölümdən sonrası üçün cəhd edəndir. Zavallı (bədbəxt) insan isə nəfsinin arzularına tabe olan (və buna baxmayaraq hələ də) Allahdan yaxşılıq umandır “. (Tirmizi, Qiyamə, 25). Allah Rəsulu (s.ə.s) eyni zamanda ağıllı möminin bir xətanı ikinci dəfə təkrarlamayacağına da diqqət çəkərək belə buyurmuşdur: “Ağıllı mömin bir ilan yuvasından iki dəfə sancılmaz“. (Buxari, Ədəb, 83).

Ayə və hədislərdən yola çıxaraq belə bir nəticəyə gəlmək mümkündür. Ağıl insanı Allahın yoluna yaxınlaşdırdığı ölçüdə qiymətlidir. Allahın yoluna yaxınlaşdırmayan və hətta insanın doğru yoldan azmasına səbəb olan bir ağıl rəhmani deyil, şeytani və nəfsani ağıldır. Əgər insan ağlını düzgün işlədərsə, onu əhatə edən hər şeyin əslində haqq və həqiqəti hayqırdığını görəcəkdir. Haqqa xidmət etmədikdən sonra insanın əlində mal-mülk, sərvət, bədənindəki səhhət və qüvvət, ətrafındakı hörmət və izzət tamamilə boş və dəyərsizdir. Çünki bütün nemətlər Haqqa yaxınlaşmaq üçün verilən fürsətlərdir. Fürsəti fövtə verənlər həyatlarını da fövtə verərlər. Nə xoş ağlını işlədərək haqq yolunda yürüyən ağıllı insanlara.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN MÜDAFIƏ NAZIRI TÜRKIYƏLI HƏMKARINA BAŞSAĞLIĞI VERIB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat...

Bağla