Moskvada Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş XVIII beynəlxalq müsəlman forumu keçiriləcək.
Tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə təmsil edəcək.
Dekabrın 8-9-da “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda təşkil olunacaq forumun qonaqları və iştirakçıları dünyanın 30 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Misir, Hindistan, İndoneziya, İraq, İran, Qazaxıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistandan dini liderlər, akademik icmanın nümayəndələri, yüksəkvəzifəli siyasi və ictimai xadimlər olacaq.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Beynəlxalq Müsəlman Forumunun Baş katibi müfti şeyx Ravil Qaynutdin ölkədə federal səviyyədə keçirilən yubileyə yekun vuracaq.
Forum çərçivəsində “Dini dialoq dinlərarası və mədəniyyətlərarası həmrəyliyin zəruri inkişaf amili kimi” mövzusunda “Qasprinski qiraəti” V beynəlxalq elmi-praktik konfransı, “Mötədillik və ədalətin İbrahim surəsinin şərhi kontekstində sivilizasiyalı plüralizmə haqq qazandırılması” mövzusunda dəyirmi masa, “Mədinə” nəşrlər evinin 15 illiyi şərəfinə nəşriyyatın kitab və layihələrinin təqdimatı keçiriləcək.
Dekabrın 9-da Rusiyanın Müasir Tarixi Mərkəzi Dövlət Muzeyində tarixin əsas mərhələlərini, Rusiya müsəlmanlığının ən böyük hadisələri və şəxsiyyətlərini əks etdirən “İslam bağları. Əsrlərdən keçən inam işığı” adlı sərginin açılışı olacaq.
Forumun qonaqları və iştirakçıları uğurlu cümə günündə cümə namazında iştirak etmək üçün Moskva Cümə Məscidini ziyarət edəcəklər.
Forumun təşkilatçıları – “Beynəlxalq Müsəlman Forumu” beynəlxalq ictimai təşkilatı və Rusiya Müsəlmanları Ruhani İdarəsi, həmtəşkilatçıları isə Türkiyənin Dini İşlər İdarəsi, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Dünya Müsəlman İcmaları Şurasıdır.