ALLAHIN SEVMƏDİYİ ƏMƏL İSRAF

0

Allah-Təala öz ədalətinə uyğun olaraq bütün nemətləri insanların hamısına kifayət edəcək qədər bol bəxş etmişdir. Uca Allah bəxş etdiyi nemətlərin necə istifadə olunmasına dair də insanlara yol göstərmiş və cəmiyyətdə sosial ədalətin bərpası üçün qoyduğu nizama uyulmasını tələb etmişdir. İnsanlar Allahın qoyduğu yoldan uzaqlaşıb öz arzularının arxasınca qaçdıqca qoyulan bu nizam pozulmuş və insanlar arasında maddi və mənəvi israflar nəticəsində bir çox problemlər baş qaldırmışdır. Elə bu problemlərin nəticəsidir ki, günümüzdə insanların bir qismi maddiyyatın içində üzərkən, əksər insanlar gündəlik ehtiyaclarını təmin etməkdə çətinlik çəkirlər.  

İsraf deyiləndə ağla ilk olaraq mal-mülkün israfı gəlir. Lakin hədislərə nəzər saldıqda israfın daha geniş mənalı olduğunu görmək mümkündür. Allah Rəsulu (s.ə.s) hədislərində ömrün, gəncliyin, sağlamlığın, zamanın, elmin və.s israf dairəsinə girdiyinə diqqət çəkmişdir. (Tirmizi, Qiyamə, 1). Müasir dövrdə Allah Rəsulunun (s.ə.s) bəhs etdiyi bütün israf növlərinin hər birisinə rastlamaq mümkündür. Texnologiyanın inkişafı, insanların çoxunun böyük şəhərlərdə məskunlaşması, iqtisadi imkanların çoxalması və.s ilə bərabər ömrün, içi boş və heç bir faydası olmayan şeylərlə tükəndiyi, dəyəri ölçülməyəcək qədər qiymətli olan zamanın israf edilməsi problemini ortaya çıxarmışdır. Halbuki, Qurani-Kərimdə israfçılılıq qəti bir dillə tənqid olunmuş və Allahın israf edənləri sevmədiyi vurğulanmışdır. (Əraf, 7/31). Rəsulullah (s.ə.s) bir hədisində “Təkəbbür etmədən və israfa yol vermədən (istədiyiniz kimi) yeyin, sədəqə verin (xərcləyin) və geyinin!” – buyurmuşdur. (Nəsai, Zəkat, 66)

Nəticə olaraq, israfın olduğu yerdə nəfsə düşkünlük vardır. Nəfsani arzuların hakim olduğu yerdə isə Allahın rizasından söz gedə bilməz. İsraf cəmiyyətdəki nizamın pozulması nəticəsində ortaya çıxır. Bir cəmiyyətdə israf varsa, o cəmiyyətin əks qütbündə aclıq və səfalət vardır. Buna görə də az və ya çox dəyəri olan hər bir şey israf edilməməlidir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ: “ERMƏNİSTANIN REVANŞİZM TƏZAHÜRLƏRİ SƏNGİMİR”

Moskvada Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş XVIII beynəlxalq müsəlman forumu...

Bağla