VƏHYİN NÖVLƏRİ

0

İlahi təbiətli dinlərin sonuncu halqasını İslam təşkil edir. İnsanlar öz həvə-həvəslərinə və istəklərinə görə Tövrat və İncili təhrif etmişdir. Allah Təala təhrif olunmuş pozulmuş ilahi dini düşüncəni yenidən bərpa etmək üçün İslam dinini göndərmişdir. Beləliklə, Qurani-Kərimin nazil olması ilə pozulmuş tövhid inancı yenidən bərpa olmuşdur.

            İslam dininə görə Həzrət Cəbrail vəhy mələyidir. Həzrət Adəmdən Həzrət Muhəmmədə qədər bütün peyğəmbərlərə vəhyi Həzrət Cəbrail gətirmişdir. İslam dininə görə vəhy müəssisəsi Allahla başlayıb insanla bitir. Ancaq bu, vəhyin iki mərtəbəli olduğu mənasına gəlmir. Toşhihiko İzutsu İslama görə vəhyin dörd mərhələli olduğunu qeyd edir; Vəhyin başlanğıcı Allahdır. Cəbrail vəhyi Allahdan alıb peyğəmbərlərə nazil etmişdir. Peyğəmbərlər aldıqları vəhyi təbliğ edərək Allahın ilahi mesajını insanlara çatdırmışdır. Deməli, vəhyin mərhələləri belədir- Allah-vəhy mələyi (Cəbrail)- peyğəmbər-insan.

            Vəhy “işarə etmək”, “bildirmək”, “sürətli və gizli bir şəkildə ötürmək” və s. kimi mənalara gəlir. İslama görə vəyh iki yerə bölünür; Qeyri-ilahi vəhy və ilahi vəhy. Qeyri-ilahi vəhy Allahın vəhy mələyi olmadan peyğəmbərlərə və seçdiyi şəxslərə ilham etməsi və ya işarə etməsidir. Həzrət Zəkəriyyanın qövmünə səslənməsini qeyri-ilahi vəhyə misal olaraq göstərə bilərik: “Zəkəriyya mehrabdan çıxdı və qövmünün yanına gələrək gecə-gündüz Allahı həmd etmələrini bildirdi” (Məryəm 19/30). İlahi vəhy isə Allah Təala tərəfindən vəhy mələyi vasitəsilə peyğəmbərə endirilən ilahi əmrdir. İlahi vəhy də Cəbrailin iştirakına görə özlüyündə vasitəli və vasitəsiz vəhyə bölünür. Vasitəli vəhyin növləri aşağıdakılardır:

  1. Mələk vasitəsilə vəhy; Vəhy mələyi Cəbrailin əsl surətində ilahi kəlamı Həzrət Peyğəmbərə çatdırmasına mələk vasitəsilə nazil olan vəhy deyilir. Həzrət Muhəmməd iki də Cəbraili əsl surətində görmüşdür. İlk dəfə Hira mağarasında, ikincisi dəfə isə merac gecəsində görmüşdür.
  2. Mələyin insan surətində vəhy nazil etməsi; Cəbrailin səhabələrdən Dihyə əl-Kəlbinin surətində Həzrət Peyğəmbərin yanına gələrək vəhyi təlqin etməsidir.
  3. Zınqırov səsinə bənzər səs vasitəsilə gələn vəhy; Həzrət Peyğəmbərə gələn vəhyin ən ağır şəkli budur.

Vasitəsiz vəhyin növləri isə aşağıdakılardır;

  1. Sadiq yuxularla gələn vəhy; Qaynaqlar Həzrət Peyğəmbərə ilk vəhyin altı ay boyunca sadiq yuxular vasitəsilə gəldiyini qeyd edir. Ancaq bir məsələyə diqqət çəkmək lazımdır. Alimlər Həzrət Peyğəmbərin altı ay boyunca gördüyü yuxuların çin çıxdığını, bunun vəhy olmadığı, əksinə, vəhyə hazırlıq olduğunu qeyd edirlər.
  2. Pərdə arxasından vəhy; Merac gecəsi Allah Rəsuluna endirilən əl-Bəqərə surəsinin son iki ayəsi bu kateqoriyaya daxildir.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ ABŞ HEYƏTİNİ QƏBUL ETDİ

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qrinqer onu müşayiət...

Bağla