“İrandan Azərbaycana qarşı istənilən hərəkət bumeranq kimi özünə qayıdır”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Dini Komitənin sədri Azərbaycanda vaxtilə dini təhsillə bağlı müəyyən tədris ocaqlarının olmamasına görə ölkə vətəndaşlarının İrana getdiyini xatırladıb: “İranda dini təhsil alanlar arasında təsir altına düşənlər olub. Hazırda ölkədə müxtəlif dini təhsil ocaqlarının yaradılması ilə bunun qarşısı alınır. İndi İranla yanaşı, başqa ölkələrdə də müəyyən dini təhsilin alınmasına ehtiyac duymuruq. Çünki Azərbaycanda İlahiyyat İnstitutu, həmçinin müxtəlif dini kolleclər var. Bu kolleclər vasitəsilə kifayər qədər kadr hazırlamaq imkanımız var. Xaricdə din sahəsində təhsil alanlar həmin ölkələrin din modelini mənimsəyir və vətənə qayıtdıqdan sonra təbliğ etməyə çalışır. Hətta onların bəziləri İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür”.
M.Qurbanlı bildirib ki, İran İslam Respublikası hazırda dərin böhran keçirir: “Bu həm də orada din adı altında istifadə olunan siyasətin böhranıdır. Hökumət İranın Azərbaycan əleyhinə hərəkətlərinə son qoyulmasını tələb edir. İrandan Azərbaycana qarşı istənilən hərəkət bütün sahələrdə bumeranq kimi özünə qayıdır. İran Azərbaycanda bu və ya digər formada istənilən sahədə, həmçinin din sahəsində fitnəkar bir əmələ nail ola bilməz”.
Dini Komitənin sədri vurğulayıb ki, İran daima Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdəki dini abidələrin, məscidlərin dağıdılmasına göz yumub: “Erməni işğalçıları azad edilən ərazilərimizdə yerləşən 67 məsciddən 65-ni, həmçinin digər dinlərə aid ibadət evlərini dağıdıblar. Azərbaycandakı din xadimləri də İranın Ermənistana yaxınlığını, ona dəstək verdiyini görür, hazırda dövlətin yanındadırlar. Onlar da İranda din adı altında Azərbaycan əleyhinə addımları qətiyyətlə pisləyirlər. İranın Ermənistanla yaxınlığının müsəlman aləminə zidd olduğunu bildirirlər”.
Report