Bakı dindarlarından bəyanat: İranın regionda haqsız siyasətinə qəti etirazımızı bildiririk
Bakı şəhərinin dindarları İranın regionda haqsız siyasətinə qəti etiraz edir.
“Report”un məlumatına görə, bu barədə Bakı dindarlarının yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir:
“Azərbaycan tolerantlıq ənənələrinin qorunmasında dünyada nümunə olacaq ölkələrdən biridir. Biz Bakı şəhər dindarları bildiririk ki, vətənimizdə dini və etnik zənginlik həmişə diqqətdə saxlanılıb, xalqımız tolerantlıq ənənələrini tarix boyu yaşadıb və inkişaf etdirib. Cənub qonşumuz, din qardaşı adlandırdığımız İran isə, hər vəchlə bu ənənələrə müxalif olan ermənilərə müdafiə etməyə can atır. Ermənistanın ərazi bütövlüyünü özlərinin “qırmızı xətt”i saydıqlarını bar-bar bağıran İran rəsmiləri, yüksəkvəzifəli şəxsləri çox qəribədir ki, 30 il ərzində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, yurdlarını viran qoyması, talaması, yüz minlərlə əhalisini didərgin salması, vətəndaşlarımızı əsir götürməsi, xalqımıza qarşı soyqırımları törətməsi barədə danışmayıb.
Özünün İslam respublikası olduğunu iddia edən İran, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda digər tarixi, mədəni abidələr bir yana, islam irsinə qarşı həyata keçirdiyi vandallıq aktları barədə də heç bir mövqe ortaya qoymayıb. Erməni vəhşiləri tərəfindən tarixi torpaqlarımızda 60-dan çox məscidimiz dağıdılıb, xalqımıza məxsus bu müqəddəs məkanlar təhqir olunaraq onlardan donuz tövləsi kimi istifadə olunub. Amma islam bayrağı daşıyan İran Ermənistanın bu islamofob davranışına, barbarlığına susqunluqla yanaşıb. Vətən müharibəsi zamanı 44 gün ərzində xalqımızın hər bir üzvünün, eləcə də soy-kökü ilə Azərbaycana bağlı olan həmvətənlərimizin ölkəmizin dar günündə həmrəylik nümayiş etdirməsi, bütün cəbhələrdə savaşa atılması, müzəffər sərkərdə İlham Əliyevin “dəmir yumruğu”na çevrilərək düşmənin başını əzməsi sayəsində torpaqlarımız işğaldan azad edildi, Qarabağın ürəyi Şuşada Zəfər təntənəsi yaşandı. Qələbəmizi həzm edə bilməyən İran düşmən xislətini gizlətmədi, İslam dininin dəyərlərinə hörmətsizlik nümayiş etdirdi.
Biz dindar olaraq İranın regionda haqsız siyasətinə qəti etirazımızı bildirir və adıçəkilən ölkənin yanaşmasının müqəddəs İslam dininin qardaşlıq ruhu ilə ziddiyyət təşkil etdiyini bəyan edirik”.